Koronavirusun qəribə xüsusiyyətləri
"Koronavirus klassik epidemiologiya üçün qeyri-adi bir hadisədir".
Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "Rossiya 1" telekanalında "Vladimir Solovyovla bazar axşamı" tok-şousunda qonaq olan infeksion xəstəliklər üzrə mütəxəssis Vladimir Nikiforov açıqlama verib:
"Bu virus klassik epidemiologiya qanunlarına, kəskin respirator virus infeksiyalarının klassik patogenezinə tabe deyil".
İnfeksionist bildirib ki, həkimlər xəstənin sağlamlıq vəziyyəti və özünü necə hiss etməsi arasındakı uyğunsuzluğu başa düşə bilmirlər. "Analizlər göstərir ki, xəstə ən azından reanimasiyada olmalıdır, ancaq buna baxmayaraq o özünü yaxşı hiss edir".
Nikiforov qeyd edib ki, üzdə görülən sağlamlığa baxmayaraq, zaman keçdikcə belə vəziyyətlərdə "fəlakətli çöküş" yaşana bilər. O bildirib ki, koronavirus infeksiyası zamanı ağciyərlərdə baş verən sətəlcəm və ya iltihablanma rentgen şüalarında görünmür.
"Yeni bir şeylə qarşılaşırıq. Bunun qorxunc olduğunu deməzdim, amma anlaşılmaz olan hər şey həm də qorxuludur", - deyə Nikiforov yekunlaşdırıb.
Qeyd edək ki, dünya üzrə koronavirusa yoluxanların sayı 2 408 359-a çatıb, 165 107 nəfər isə xəstəlik səbəbindən həyatını itirib.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.