Boşqabımızdakı yemək nə qədər rəngarəngdirsə... - Araşdırma
Uşaqlar gün ərzində 2-4, böyüklər 3-6 dəfə meyvə-tərəvəz qəbul etməlidir
Day.Az kaspi.az-a istinadən yazını təqdim edir.
İmmun sistemini çox vaxt unuduruq, ta ki xəstəlik gələnə qədər. Koronavirus pandemiyası isə immun sisteminin güclü olması zərurətini yenidən bütün dünyanın diqqətin mərkəzinə gətirmiş oldu. Çünki koronavirusdan sağalanlar məhz immun sistemi güclü olanlardır.
İmmunitetin güclü olması üçün hər zaman qabardılan məsələlərdən biri də meyvə-tərəvəzlər qəbuludur. Bəzən isə insanlar təbii olan bu qidaların yerinə, apteklərdən dərman alıb qəbul etməyi üstün tuturlar. Maraqlıdır, meyvə-tərəvəzlərin immun sistemimizin güclü olmasında payı nə dərəcədədir və bunu apteklərdə satılan dərmanlar əvəz edirmi?
Bahar əvvəllər meyvə-tərəvəz yesə də, indi bu tipli qidalardan uzaqdır. Deyir ki, meyvə-tərəvəz yediyi vaxtlar immun sistemi daha güclü olub: "Əvvəllər gün ərzində bir neçə dəfə meyvə-tərəvəz yeyirdim. Alma, nar çox sevirdim. Ancaq sonralar kofe, şokolad və şirniyyata meyl yarandı. Bunlarla qidalandıqdan sonra artıq meyvə-tərəvəzi iştahım çəkmədi. Gündə bir dəfə hansısa meyvə, yaxud tərəvəz yeyərəm, ya yemərəm. İndi xəstəliklərə qarşı çox həssas olmuşam. İmmun sistemim zəifləyib, yanımda kimsə asqıran kimi qrip oluram".
Meyvə-tərəvəz yeyənlərlə yeməyənlərin sağlamlıq fərqi
İmmunoloq Günel Məmmədova bildirdi ki, meyvə-tərəvəz qəbul edənlərlə bu qidalardan uzaq duranların immun sistemini, sağlamlığını müqayisə edəndə, ortaya böyük fərq çıxır: "Alimlər bununla bağlı araşdırma aparıblar. Meyvə-tərəvəz yeməyənlərlə yeyənlərin sağlamlıq durumlarını müqayisə ediblər. İki qrupun sağlamlığı, immun sistemi arasında böyük fərq ortaya çıxıb. Meyvə-tərəvəz yeməyənlərdə immun sistemi çox zəifləyə bilir".
G.Məmmədovadeyir ki, immun sistemi təkcə meyvə-tərəvəzlərdən asılı deyil, ancaq bunun payı böyükdür: "Orqanizm elə qurulub ki, burda immun sistemini yaradan orqanlar var. Məsələn, burda bağırsağın, timusun payı çox böyükdür. İmmun sistemini ən çox bağırsaqda olan hüceyrələr idarə edir. İmmun sistemində bu orqanların faydalı olması üçün bizə onlara təsir edən minerallar, vitaminlər lazımdır. Onlar isə konkret qidalardadır. Mədə-bağırsağa yaxşı təsir edən A, B, C qrup vitaminləri, əzələ lifləri ilə zəngin olan qidalardır. A vitamini cəfəri, kök, pomidor, kərəviz, kahı, ərik, ispanaq və s. kimi məhsullarda var. Buğda, buğda məhsulları, yumurta sarısı, qaysı, qoz, yağsız ət və s. kimi məhsullar B vitamini ilə zəngindir. Orqanizm C vitaminini sitrus meyvələrindən, kələm, soğan, sarımsaq kimi məhsullardan alır. Əzələ lifləri ilə zəngin olan məhsullar isə qoz, fındıq, badam və s.dir. Yaxud qanyaradıcı orqanların da immun sistemində rolu var. Qarabaşaq qan artırır, itburnu qanı təmizləyir, durulaşdırır. Cəfəri, şüyüd, yulaf, qara düyü və s. qana faydalıdır".
Gündəlik meyvə-tərəvəz norması
Gündəlik meyvə-tərəvəz normasına gəlincə, həkim-dietoloq Tutu Zeynalova bunun uşaqlara və böyüklərə görə dəyişdiyini bildirdi: "Böyüklər gün ərzində 3-6 dəfə meyvə-tərəvəz qəbul etməlidirlər. Bu porsiya 5-6 olsa, daha yaxşı olar. Onun iki porsiyası meyvə, 3-4-ü tərəvəz olmalıdır. Uşaqlara isə gün ərzində 2-4 porsiya meyvə-tərəvəz verilməlidir. Onun ikisi meyvə olmalı, qalanları tərəvəzlər. Ümumilikdə, həftə ərzində iyirmi çeşid meyvə-tərəvəz qəbul edilməlidir".
Tutu Zeynalova bildirdi ki, balanslı şəkildə qidalanmaq vacibdir: "Həm proteinlə zəngin qidalar qəbul etməliyik, həm də meyvə-tərəvəz. Xüsusilə siqaret çəkən insanların gündəlik C vitamini ehtiyacı digərlərindən 35 faiz çoxdur. Bunu unutmayaq. Hər gün iki ədəd kivi və bir ədəd portağal yeməklə vitamin C ehtiyacını ödəyə bilərsiniz. C vitamini ilə zəngin qidalar siyahısında bibəri də qeyd etmək olar. Çünki bibərin C vitamini limondan bir neçə dəfə çoxdur. Bundan əlavə, bol göyərti qəbul edilməlidir. Boşqabımıza qoyduqlarımızın rəngi nə qədər fərqli, tərəvəz çeşidləri nə qədər çox olsa, bir o qədər faydalıdır. Əgər əks göstəriş yoxdursa, zəncəfil, cökə, şalfey kimi tanıdığımız ada çayı kimi bitki çayları da immun sistemimizə müsbət təsir göstərir. Mixək, sumax, zirinc kimi ədviyyatlar da bu cəhətdən xeyirlidir".
Dərmanlar təbii olanı əvəz etmir
Meyvə-tərəvəz əvəzinə apteklərə üz tutub dərman formasında vitaminləri alanlar da var. Günel Məmmədova bunun səhv yanaşma olduğunu qeyd etdi: "Hər bir orqanizmin vitaminlərə müəyyən tələbatı var. Onu orqanizmin qida vasitəsilə almağı daha yaxşıdır. Əgər orqanizm vitamini qidalardan ala bilirsə, kənardan ona vitamin vermək lazım deyil. Biz həkimlər belə xəstələrə vitamin təyin etməkdə çətinlik çəkirik. Təyin etməmişdən öncə analizlər verib qanda vitamin və mineralların miqdarını yoxlayırıq. Vitaminə kəskin şəkildə ehtiyac olduğunda dərman təyin etmək məcburiyyətində qalırıq. Amma orqanizm tələbatı özü ödəyə bilirsə, kənardan almaq lazım deyil. Əksinə, dərman formasında olan vitaminlərin orqanizmə yan təsirləri ola, xərçəng hüceyrələrinin yetişməsinə kömək edə bilər".
Pediatr Vaqif Qarayev deyir ki, "immunitet dərmanı" deyə bir şey yoxdur: "Mövsümi xəstəliklər zamanı həkimlər uşaqlara meyvə-tərəvəz menyusu da təyin edirlər. Çünki meyvə-tərəvəzlər minerallarla, vitaminlərlə zəngindir. Son vaxtlar əsassız dəb düşüb, fəsil dəyişəndə, uşaqda soyuqlama olan kimi "immuniteti düşüb" deyib apteklərdən immunitet dərmanı almağa gedirlər. Ancaq elə dərman yoxdur. Üstəlik, soyuqdəymə olması da immun sisteminin zəif olması demək deyil. Bunun səbəblərini tapmaq lazımdır. Ola bilər ki, uşaq düzgün qidalanmır, yuxu rejimi qaydasında deyil, yaxud təmiz havada çox olmur və s".
Qabıqla yeyin, ya da qabığını soydunuzsa, saxlamayın
Meyvə-tərəvəzi necə yemək məsələsi də önəmlidir. Tutu Zeynalova meyvələri qabığı ilə yeməyi məsləhət görür: "Meyvələri mümkün qədər qabığı ilə yemək lazımdır. Yəni qabıqla yeyilən meyvələri soymağa ehtiyac yoxdur. Əgər soyub doğrayırsınızsa, dərhal istifadə edin. Çünki "saxlayım, yarım saatdan sonra yeyim" kimi düşünürsünüzsə, artıq o meyvədə vitamin-mineral itkisi olur".
Vaqif Qarayev bildirdi ki, bəzi meyvələr qabığı ilə yeyilsə, faydası daha çox olar: "Belə fikir var ki, almanın qabığı faydalıdır. Ümumiyyətlə, qabığı yeməli olan meyvələri elə qabıqla yemək daha xeyirli olur. Bunu valideynlərə məsləhət görəndə, deyirlər ki, qabıqla verəndə çöpü qalır. Kiçik vaxtından uşağa yemək verilməsi düzgün qaydada aparılsa, çöp qalmaq deyilən problem də yaşanmaz. Necə olur ki, digər ölkələrdə uşaqlarda çöp qalmır? Valideynlər ilk vaxtlardan uşağa düzgün yemək qaydası öyrətsələr, belə problem yaşanmaz. Uşağı necə tutmaq, necə oturtmaq, qaşığı ağzına aparmaq qaydalarını bilmək önəmlidir".
Tərəvəzlərin üzərinə yağ gəzdirin
Tutu Zeynalova deyir ki, tərəvəzləri yeyərkən üzərinə zeytun yağı gəzdirmək lazımdır: "Çünki, yağda əriyən vitaminləri itirməyək, bədənimiz mənimsəsin. Bizim qidalardan aldığımız vitaminlər iki qrupa bölünür: yağda və suda əriyən. Biz tamamilə yağsız yediyimiz zaman yağda əriyən vitaminləri bədənimiz mənimsəmir. Bədəndən olduğu kimi də çıxır".
Tutu Zeynalovanın sözlərinə görə, tərəvəzlərin çiy yeyilə bilinənlərini bişirməmək, yaxud çox az bişirmək lazımdır: "Mümkün qədər təbii halda qəbul edək. Bişirəndə də çox az bişirməliyik. Köp verirsə, üzərinə bir az kimyon və yaxud keşniş əlavə edə bilərik ki, bu problemləri aradan qaldıraq. Amma bişiririksə, onu elə halda bişirək ki, suyunu itirməyək. Tərəvəzləri suda bişirirsinizsə, o suyu atmayaq, məsələn, şorba edə bilərik. Çünki biz bir çox vitamini o suda itiririk".
Şirəsi yox, özü
Bəzən meyvə əvəzinə şirəsinə üstünlük verirlər. Hətta uşaqlara çox vaxt şirə verməyə maraqlı olurlar. Vaqif Qarayev deyir ki, meyvənin özü ilə qidalanmaq orqanizm üçün daha faydalıdır, nəinki onu şirəsi ilə əvəzləmək: "Ana südü ilə qidalanan uşaqlara 6 aylığından tərəvəz püreleri verilməlidir. Məsələn, kartof, kələm, kök. Böyüyən orqanizm üçün bunlar faydalı tərəvəzlərdir. 7-8 aylığından başlayaraq isə meyvə şirəsi vermək məsləhət görülür. Ancaq uşağın dişləri varsa, çeynəyə bilirsə, artıq meyvənin özünü vermək daha yaxşı olar. Şirin olduğu üçün şirə vermək məsələsi də mübahisəlidir. Şirniyyat, şirin dünya təbabətinin bir nömrəli problemidir. Ona görə daha yaxşı olar ki, uşaq meyvə-tərəvəzin özünü yesin. Uşaq böyüdükcə meyvə-tərəvəz menyusunu genişləndirmək, fərqli çeşidlər əlavə etmək lazımdır. İlin bütün fəsillərində meyvə-tərəvəz qəbulu məsləhətdir. Böyük yaşlı uşaqlarda şirə, kompotdan uzaq durmaq, meyvənin özünü yemək lazımdır".
Mövsümündə və yaşadığımız torpaqda yetişən
Vaqif Qarayevin sözlərinə görə, mövsümündə yetişən və yaşadığımız torpaqdan qidalanan meyvə-tərəvəzlər orqanizmimiz üçün daha faydalıdır: "Qışda təzə-meyvə tərəvəz o qədər çox olmur, ancaq yayda bu cəhətdən bolluq olur. Meyvə-tərəvəzləri mövsümündə yemək lazımdır. İlin 12 ayı istixanada yetişən pomidor, badımcanı yemək olmaz. Faraş çiyələk də vaxtında yetişəni əvəz etmir. Yaxud böyük, hamısı eyni formada olan çiyələklər də faydalı sayılmaz. Onların o formada əldə edilməsi göstərir ki, heç də təbiilikdən danışa bilmərik. Alma verəcəksinizsə, parıldayan, qəşəng görünənləri deyil, çürümüş, büzüşmüş olanları verin. O təbiidir. Həm də ki hər regionun özünün yetişdirə biləcəyi meyvə-tərəvəz var. Banan da faydalıdır, tərkibində vitamninlar var, amma şirindir. Ona aludə olmaq olmaz. Ümumilikdə, Azərbaycanın özünün yetişdirdiyi nə varsa, onları vermək daha yaxşıdır. Bu daha təbii olur və orqanizmə daha çox fayda verir".
Uşaq meyvə-tərəvəz sevmirsə...
"Bəs uşaqları meyvə, yaxud tərəvəz sevməyən valideynlər nə etsin" sualımıza isə Vaqif Qarayevin cavabı belə oldu: "Biz analara uşaqlara meyvə-tərəvəz yedirməyi məsləhət görəndə fərqli cavablar alırıq. Məsələn, bəzən deyir ki, uşaq alma yemir. Təbabətdə elə problem yoxdur ki, ona görə uşaq alma yeməsin. Sadə dildə desək, uşağın ağız dadını başqa şeyə öyrədib. Bir də ki ümumiyyətlə, uşağının qidalanmasından narazı olmayan ana yoxdur. Düzdür, anaları anlayıram, indiki uşaqlarla davranmaq çox çətindir, adi yeməkləri yedirə bilmirlər. Ancaq uşaq bir-iki dəfə nədən imtina edirsə, bu o demək deyil ki, ömrü boyu onu yeməyəcək. Öyrətmək, vərdiş halına salmaq lazımdır. Fast foodlar, çipsilər, rəngli içkilər və s. öyrədəndə meyvə-tərəvəzlərə meyl göstərmir. İndi balaca uşaqlara da energetik içki verirlər. Uşaq ona lazım olan enerjini içkidən alır və meyvə-tərəvəzi yemir".
Psixoloq Səxavət Qabiloğlu deyir ki, meyvə-tərəvəzi uşaqlara zorla yedirtmək düzgün deyil: "Bir çox valideynlər uşaqlara erkən yaşlardan meyvə və tərəvəzi zorla yedirtməyə çalışırlar. Əlbəttə, meyvə və tərəvəzləri yemək lazımdır və xeyirlidir. Lakin bunu zorla edən valideynlər övladlarının gələcəyin lakanofobuna çevrilməsinə səbəb olurlar. Lakanofobiya - meyvə və tərəvəzlərdən qorxudur. Bu gün ABŞ və Avropa ölkələrində hər 10-cu ananın övladını psixoloqa göstərməsinin səbəbi meyvə və tərəvəz yeməməsidir. O uşaqlar əslində meyvənin və tərəvəzin özündən deyil, onun zorla yedirdilməsinə nifrət edirlər. İşgüzar analar övladlarına minimum diqqət ayıraraq, meyvə və tərəvəzləri boşqaba qoyaraq "Yeməlisən, yoxsa televizor olmayacaq!" təhdidi ilə yedirtməyə çalışırlar. Analar bu məsələdə diqqətli olmalıdırlar. Böyüyən lakanofob şəxs nəinki hansısa ərzaqdan nifrət edər, hətta elə bir dərəcə ola bilər ki, onu zorla yedirən anaya da nifrəti oyana bilər. Bunun əvəzində isə, meyvə və tərəvəzləri salat formasında və ya rəngli oyun şəklində, maarifləndirərək yedirtmək daha məqsədə uyğundur. Tərəvəzləri blenderdən keçirib dadlı yeməyə qatıb vermək də bu problemi aradan qaldıra bilər. Ölkəmizdə bağçalarda meyvə və tərəvəzlərin xüsusiyyətini göstərən səhnələrin qurulması, uşaqlarda lakanofobiya qurbanı olmamağa kömək edə bilər".
Bir də valideynlər deyirlər ki, uşaq meyvə yeyəndən sonra yemək istəmir. Vaqif Qarayev bunun səbəbsiz olmadığını bildirdi: "Meyvəni yeməkarası vermək düzgün deyil. Ya yeməkdən əvvəl, ya da sonra. Yemək yeyən uşağa bir neçə saat sonra meyvə versək, növbəti yeməyi yeməyəcək. Çünki enerjini meyvədən götürüb. Valideynlər meyvənin yeyilmə vaxtına diqqət etsələr, belə problemlə üzləşməzlər".
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.