Zəif eşitmə zamanı müayinə
Dünya əhalisinin 10 faizi zəif eşitmədən əziyyət çəkir. Eşitmə dərəcəsini müəyyən etmək üçün müxtəlif aparat və cihazlar var. Eşitmənin müayinəsi audiometriya adlanır və onu istənilən yaş qrupunda olanlara tətbiq etmək mümkündür. Körpə ananın səsinə reaksiya vermirsə, öz adını tanımırsa, belə halda ağır eşitmənin dərəcəsini dəqiq müəyyən etməyə imkan verən test aparmaq lazım gəlir.
Day.Az bildirir ki, otolarinqoloq Gülyaz Kazımova AZƏRTAC-a deyib: "Əgər xarici qulaq keçəcəyində qulaq kiri tıxacı əmələ gəlibsə, onun xaric edilməsindən sonra test yoxlaması aparmaq olar. 18 yaşına qədər olanlar qulaqcıqdan istifadə edə bilməsələr də, bu yaşdan sonra işinin dərəcəsi imkan verdiyi halda eşitməni yaxşılaşdırmaq üçün qulaqcıq cihazından istifadə edə bilərlər.
4 yaşından yuxarı uşaqlara oyun audiometriyası tətbiq edilir. Onları səssiz kabinədə salaraq təşkil edilən xüsusi oyun zamanı müəyyən səs dalğaları ötürülür və müayinə aparılır. Yetkin adamlarda isə qulaqcıq vasitəsilə desibellərlə səsə şiddət verilir. Xəstənin hansı səs şiddətində eşitdiyi qeyd olunur, aparatda audioqramma yaranır. Nəticədə həm uşaqların, həm də böyüklərin eşitmə dərəcəsinə uyğun cihaz seçilir".
Həmin aparatların müxtəlif növləri var. Qulaq arxası cihazlar böyükölçülü və nisbətən kiçikölçülü olur. Qulaq içi cihazlar isə fərdi olaraq hazırlanır. Xarici qulaq keçəcəyi nə qədər uzun və enli olarsa, qulaq içi cihaz da o qədər görünməz olur.
Səslərin daha yaxşı eşidilməsinə kömək edən hər iki cihaz batareya ilə işləyir. Müayinədən sonra təyin olunan cihaz haqqında istifadəçiyə məlumat verilir.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.