Stress immunitet sistemini zəiflədir, yorğunluq və əsəbilik yaradır
Müasir dövrdə həkimlərin ən çox mübarizə apardığı xəstəliklərdən biri də stresdir. Stress insanın öz üzərində hiss etdiyi təzyiq və gərginlik vəziyyətidir. Bu mənada onu gündəlik həyatın bir parçası da hesab etmək olar.
Day.Az bildirir ki, həkim-nevropatoloq Ramilə Əlifzadə AZƏRTAC-a deyib: "İnsan işləyib yorulandan sonra normal yatmalıdır. Normal yuxu bu sahədə çox böyük əhəmiyyət daşıyır. Tam və normal yuxu rejimi ilə yatmayanlarda halsızlıq müşahidə olunur və onlar bəzən hər xırda məsələdən ötəri əsəbləşirlər.
Stresi həmişə xoşagəlməz hal kimi qiymətləndirirlər, əslində, isə belə deyil. İki növ stress var. Müsbət stress hər hansı bir məqsədə çatmaq üçün daxildəki enerji sevincindən qaynaqlanır və onu yönləndirmək olur. Belə stress insanın təkmilləşməyinə kömək edir. Müəyyən miqdarda stress davamlı və inamla irəliləmək, uğur qazanmaq üçün lazımdır. Mənfi stress isə insanın özünə olan inamının itirilməsinə, xəyallarının puça çıxmasına, ümidsizliyə düçar olmasına səbəb olur. Həddindən artıq gərginlik insanı iş görmək bacarığından məhrum edə, ciddi vəziyyət yarada bilər. Ümumilikdə stress immunitet sistemini zəiflədir, yorğunluq, halsızlıq, zəiflik və əsəbilik yaradır.
Stress zamanı insanda nevrotik hallar baş verir və uzun müddət davam edəndə müxtəlif xəstəliklərə - miqren tipli başağrılar, sefalgiya və ya qan təzyiqi xəstəliyinə tutulmaq təhlükəsi yaradır. Vegetativ nevrozlarda aritmiyalar başlayır. Uzun müddətli aritmiyalar isə ürək xəstəliyinə aparıb çıxarır. Ona görə də ilkin diskomfort başlayan kimi onun qarşısını almağa çalışmaq lazımdır".
Psixoloqların fikrincə isə, stresdən xilas olmağın ən yaxşı yolu vaxtın çoxunu təbiət qoynunda keçirməkdir. Şəhərdə yaşayanlar parklara üz tuta bilərlər. Ümumiyyətlə, şəhər sakinlərinin ən azı ayda bir dəfə səs-küydən, sıxlıqdan uzaq bir yerdə istirahət etmələri məsləhətdir.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.