Məşhur professor vitaminlərin koronavirusa təsirindən danışdı
Terapiyadan keçən xərçəng xəstələri və özünü təcrid edən sağlam insanlar immuniteti qorumaq üçün nə etməlidir?Multivitaminlərdən istifadə etməli və ya D, A, E vitaminlərinin qəbulunu aktivləşdirməliyik?
Day.Az xəbər verir ki, Dmitri Roqaçev adına Milli Tibbi Tədqiqat Mərkəzinin şöbə müdiri, Rusiya Klinik Onkologiya Cəmiyyətinin (RUSSCO) idarə heyətinin üzvü, tibb elmləri doktoru, professor Nikolay Jukov bu suallara cavab verib.
- Onkoloji xəstələrdə tez-tez zəiflik, halsızlıq olur. Bu halda D vitamini və ya digər vitaminlər qəbul etmək lazımdırmı? Məsələn, C vitamininin artırılmış dozası.
- Artan dozalara gəldikdə, bunu məsləhət görməzdim, çünki vitaminlər hər halda dərmanlardır və istənilən dərman kimi əks təsir göstərə bilər. Normal gündəlik tələblərlə müqayisə olunan aktiv maddənin dozasına - multivitaminlərə gəldikdə, bu, həddindən artıq doza riski daşımayan tamamilə etibarlı yanaşmadır.
Vitamin çatışmazlığını bərpa etmək şərtilə bu kifayətdir. Lakin əhəmiyyətli vitamin çatışmazlığını aradan qaldırmaq üçün çox çalışmalısınız. Eyni zamanda heç bir həkim müayinəsindən keçmədən özünüzə yüksək dozada vitamin preparatları təyin etmək səhv addımdır. Yüksək dozada vitamin qəbulu daha yaxşı nəticə vermir, bu, vəziyyəti pisləşdirə bilər.
Yüksək dozada qəbul edilən vitamin D3 zəhərli ola bilər: qanda kalsium miqdarı arta, böyrək çatışmazlığı yarana və xoşagəlməz nevroloji təzahürlər ola bilər. Kimyaterapiyanın toksikliyini azaltmaq üçün istifadə edilməsi planlaşdırılan C vitamini, antioksidantlar və E, A vitaminləri bəzi araşdırmalara görə toksikliyə xüsusi təsir göstərmir, bununla belə kimyaterapiyanın təsirini azaldır.
- Deməli, təzə tərəvəz və meyvələr təbii vitamin mənbəyi olaraq qalır. Ancaq onlar koronavirus dövründə təhlükəsiz şəkildə istehlak edilə bilərmi? Axı mağazalarda açıq qutularda satılır və hər kəs onlara toxuna bilir...
- Burda əsas məsələ gigiyena və təhlükəsizlikdir. Bəli, doğrudan da evə alınan hər şey virusla çirklənə bilər. Tədqiqatlar göstərir ki, koronavirus müxtəlif səthlərdə 3 günə qədər yaşayır. Odur ki, mağazadan alınan tərəvəz və meyvələr yaxşıca yuyulmalı, yaxud onlarla təmas qurmayacağınız yerdə üç gün qalmalıdır. Qablaşdırılmış meyvə və tərəvəzi isə yuyaraq yeyə bilərsiniz.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.