Sədaqət Vəliyeva: Bir olaq, güclü olaq, Vətənimizi, dövlətimizi Əli Kərimli kimi düşmənlərdən qoruyaq

Müxalifətçilik xalqa, dövlətə qarşı olmamalıdır. Adını müxalifət qoyub milli maraqlara zərbə vurmaq, hər fürsətdə siyasi-ictimai stabilliyi pozmağa cəhdlər etmək, insanların sosial vəziyyətindən siyasi məqsədlər naminə istifadə edib dövləti təzyiqlər qarşısında qoymaq müxalifətçilik fəlsəfəsindən uzaq düşmənçilikdir. Elə AXCP, Milli Şura, Müsavat kimi dərnəklər, onların Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı kimi təmsilçiləri, "beşinci kolon"un uzantıları olan Sevinc Osmanqızı, Qənimət Zahid və başqa anti-milli ünsürlər siyasi müxalifətçilikdən çox xalqa və dövlətə düşmən kəsiliblər.

Bunu Trend-ə açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilarının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan ictimaiyyəti başda Əli Kərimli olmaqla "beşinci kolon"un xəyanət əməllərinin tez-tez şahidi olub:

"2003-cü, 2005-ci illərdə Azərbaycanda radikalizm və destruktivlik əməllərini vətəndaş qarşıdurmasına qədər aparan bu düşmənlər 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsi, 2015-ci il I Avropa Oyunları, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları, həmçinin Formula-1 kimi beynəlxalq əhəmiyyətli tədbirlər, siyasi kampaniyalar zamanı müxtəlif anti-Azərbaycan dairələrindən aldıqları təlimatlara və direktivlərə uyğun qarışıqlıq, destabillik yaratmaq niyyətində olublar. Təsəvvür edin ki, hazırda bütün dünyanın koronavirusla mübarizə apardığı bir zamanda Əli Kərimli, Sevinc Osmanqızı, Qənimət Zahid kimi düşmənlər Azərbaycanda siyasi sabitliyi pozmağa, sosial gərginlik yaratmağa çalışırlar".

"Dünyanın ən inkişaf etmiş, səhiyyəsi və iqtisadiyyatı ilə illərdir nümunə olaraq təqdim edilən ölkələrdə pandemiya əsl fəlakət yaradıb, yoluxanların, ölənlərin sayı həndəsi silsilə ilə artır. Lakin Azərbaycan koronavirusla mübarizədə həmin inkişaf etmiş ölkələrin bacarmadığını etdi, həm də hökumət vətəndaşlarını pandemiyanın kütləvi yoluxma dalğasından xilas etdi" - deyən Sədaqət Vəliyeva əlavə edib ki, Prezident İlham Əliyevin zamanında verdiyi qərarlar, gördüyü tədbirlər nəticəsində artıq Azərbaycan bütün dünyaya nümunə, model olaraq təqdim edilir.

Sədaqət Vəliyeva vurğulayıb ki, Əli Kərimli kimi xalq düşmənlərinin başçılıq etdiyi xəyanət yuvasının indiki zamanda daha da aqressivləşməsinin də ciddi səbəbləri var:

"Birincisi, qeyd etdiyim kimi Azərbaycan dünyanın ən aparıcı ölkələrinin bacarmadığını etdi. Həm koronavirusun insanlarımızın sağlamlığına daha ağır zərbə vurmasının qarşısı alınır, həm də ölkədəki sosial-iqtisadi durumun stabilləşdirilməsi üçün konkret effektiv planlar reallaşdırılır. İkincisi, ÜST-ün, BMT-nin hesabatlarında, ayrı-ayrı dünya mətbuatı nümunələrində Azərbaycanın koronavirusla mübarizəsi yüksək dəyərləndirilir. Üçüncüsü, Azərbaycan cəmiyyəti lideri cənab İlham Əliyevin "Biz birlikdə güclüyük" şüarına səs verməklə çətin günlərdə yaşlılara, ahıllara, əlillərə, aztəminatlı ailələrə, köməyə, yardıma ehtiyacı olanlara yardım etdi, milli həmrəylik nümayiş etdirdi. Görünür bu da xarici anti-Azərbaycan dairələrini qane etmir. Bu səbəbdən də onların əlində siyasi maşa olan Əli Kərimlini, Sevinc Osmanqızını, Qənimət Zahidi, Cəmil Həsənlini, Qubad İbadoğlunu yenidən "hərəkətə" gətirdilər. Elə buna görədir ki, Əli Kərimli hər gün aqressiv çıxışlar edir, Sevinc Osmanqızı, Qənimət Zahid yalan məlumatlar yayır, Qubad İbadoğlu uydurulmuş rəqəmlər səsləndirir. Onlar daha çox insanların sosial durumunu qabartmaqla yalan informasiyalarla gərginlik yaratmağa cəhd edirlər. Eyni zamanda 3-5 öyrədilmiş şəxslər vasitəsilə şəkil və videolar yaymaqla düşmənçilik fəaliyyətlərinə, yalanlarına bəraət qazandırmağa çalışırlar. Lakin xalqımız çox yaxşı görür ki, onların bu əməlləri düşmənçilikdir, xəyanətdir. Çünki dünyanın heç bir yerində müxalifət koronavirus bəlası ilə mübarizə aparıldığı bir zamanda siyasi iddialarla çıxış etmir, təxribat törətmir. Əksinə hökumətə köməklik edir, cəmiyyətin arasında olur".

Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, cəmiyyətimiz ayıq-sayıq olmalıdır. Əli Kərimli kimi düşmənlərin xəyanət əməllərinə qiymət verməlidir, onu ictimai qınaq obyektinə çevirməlidir:

"Əgər bu cür Vətən xainlərinin qarşısını alınmasa, onlar dövlətimizə, xalqımıza ağır zərbələr vura bilərlər. Çünki, onları yalnız şəxsi maraqları düşündürür, özlərinin, övladlarının xaricdəki bahalı həyat tərzlərinin təminatı maraqlandırır. Bir olaq, güclü olaq, Vətənimizi, dövlətimizi Əli Kərimli kimi düşmənlərdən qoruyaq".