Şahin Seyidzadə: "Karantin rejiminə əməl etməsək, xəstəliyə yoluxma sayının artması ilə üz-üzə qalacağıq"
"Məlum olduğu kimi, pandemiya ilə əlaqədar olaraq ölkəmizdə martın 24-dən xüsusi karantin rejimi tətbiq edilib və xəstəliyin yayılmasının qarşısının alınması istiqamətində mühüm addımlar atılıb. Bu istiqamətdə müsbət nəticələr əldə olunandan sonra, aprelin 27-dən karantin rejiminin qismən yumşaldılmasına qərar verildi. Bununla belə, karantin rejiminin qaydalarından sui-istifadə hallarına da rast gəlinir. Bu isə pandemiyanın ikinci dalğasının baş verməsi ilə nəticələnə bilər. Buna görə də vətəndaşlar pandemiya dövründə karantin rejiminin qaydalarına ciddi əməl etməlidirlər".
Day.Az bildirir ki, bu barədə AZƏRTAC-a açıqlama verən Milli Məclisin deputatı Şahin Seyidzadə deyib ki, statistik göstəricilər, epidemiyanın yayılmasının qarşısının alınmasında əldə olunan nəticələrin təhlili, virusun yayılma və yoluxanların sağalması tempinin müşahidə edilməsi və digər istiqamətlərə dair təhlillərin davamlı aparılması çox vacibdir: "Növbəti addımlar bəzi sahələrdə yumşalmanın, bəzi sahə və istiqamətlərdə mövcud vəziyyətin saxlanılması və yaxud hər hansı istiqamətlər üzrə qaydaların sərtləşməsi olaraq baş tuta bilər. Qərarlar müxtəlif ola bilər. Onların ətrafında diskussiya və fikir mübadiləsi apara bilərik. Lakin müzakirə olunmayan bir dəyər var, karantin rejiminin əsas dəyəri - o da insanların sağlamlığı və təhlükəsizliyidir. İnsan sağlamlığına hər hansı bir təhlükə varsa, onu heç bir maddi və qeyri-maddi göstərici ilə ölçülən vəziyyətə qurban vermək olmaz.
Bilirsiniz ki, hökumət və vətəndaşlar qarşılıqlı məsuliyyət və öhdəlik münasibətindədir. Çox xoşdur ki, vətəndaşlarımız qəbul edilən qərarları anlayır və əməl edirlər. Hökumət qanun çərçivəsində və yaxud tövsiyə əsasında müxtəlif qaydalara riayət edilməsinə çağırış edir. Əgər dövlət vətəndaşın sağlamlığını qorumaq naminə addımlar atırsa, o zaman hər bir vətəndaş həm hüquqi, həm də həyati vərdişlərə əsaslanan bu qaydalara riayət etmək öhdəliyini öz üzərinə götürməlidir. Yəni vətəndaşların sağlamlığı ilə bağlı hökumət məsuliyyət daşıyırsa, o zaman sağlamlığın qorunmasının öhdəliyi vətəndaşların özündədir. Yəni vətəndaşlar bütün proseslərə məsuliyyətlə yanaşmalı, sağlamlığının qorunması üçün məsuliyyət daşıyan hökumətin tövsiyə və qaydalarına əməl etməklə öhdəliyi anlamalıdır. Əks halda, karantin rejiminə əməl etməsək, xəstəliyə yoluxma sayının artması ilə üz-üzə qalacağıq".
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.