Prezident İlham Əliyev: Biz imkan verə bilmərik ki, hansısa məsuliyyətsiz vətəndaşlara görə insanların həyatı risk altına düşsün
Biz imkan verə bilmərik ki, hansısa məsuliyyətsiz vətəndaşlara görə insanların həyatı risk altına düşsün.
Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışından sonra tibb işçiləri ilə görüşü zamanı çıxışında deyib.
Prezident İlham Əliyev qeyd edib:
"Karantin rejimi nə üçün sərtləşdirilirdi? Yoluxma hallarının geniş yayılmasının qarşısının alınması üçün və biz buna nail olduq. Birinci mərhələdə bu virus bizə, belə demək mümkündürsə, idxal edilmişdir, amma ondan sonra daxili yoluxma halları baş vermişdir. Dərhal operativ tədbirlər görüldü və məhz sərt karantin qaydalarına görə biz bu mərhələni az itkilərlə başa vurduq. Görəndə ki, artıq 3 həftə ərzində hər gün sağalanların sayı yoluxanların sayından xeyli çoxdur, onda biz artıq yumşalma tədbirləri görməyə başladıq. Ancaq əfsuslar olsun ki, bəzi adamlar bunu karantin rejiminin ləğvi kimi qəbul etdilər. Əfsuslar olsun ki, bəzi adamlar karantin rejiminə əməl etmirlər. Yumşalma tədbirləri yalnız bir məqsədi güdürdü ki, insanların öyrəşdiyi həyat tərzi müəyyən dərəcədə bərpa olunsun. Karantin rejiminin yumşaldılması o demək deyil ki, karantin başa çatıb, xeyr. Karantin rejimi ən azı mayın 31-nə qədər qüvvədə olacaq və ondan sonra əgər lazım olarsa, uzadılacaq. Ona görə son günlərin mənzərəsi, sözün düzü, məni çox üzür və narahat edir. Çünki son 2-3 gündə xəstələnənlərin sayı sağalanların sayından çoxdur və əgər bu dinamika kəskin artarsa, - mən bunu açıq demək istəyirəm və hər kəs bunu bilsin, - biz məcbur olub karantin rejimini əvvəlki vəziyyətə gətirəcəyik, sərtləşdirəcəyik, qaydaları pozanlara qarşı da daha ciddi cəza tədbirləri görüləcək ki, biz vəziyyəti daim nəzarətdə saxlayaq.
Azərbaycan dövlətinin siyasəti və Operativ Qərargahın bu işlərə gündəlik rəhbərlik etməsi əsas bir məqsədi güdür ki, biz vətəndaşların həyatını, sağlamlığını qoruyaq. Eyni zamanda, bu məhdudlaşdırıcı rejim çərçivəsində insanlara maksimum imkan yaradaq ki, onlar öyrəşdiyi gündəlik həyat tərzindən çox da uzaqlaşmasınlar. Ona görə biz bu yumşaldıcı tədbirləri görmüşük. Aprelin 27-dən, sonra mayın 4-dən daha da yumşaq rejim qüvvədədir. Ancaq biz nəyi görürük? Onu görürük ki, bəzi məsuliyyətsiz vətəndaşlar heç bir qaydalara əməl etmirlər, maska taxmırlar, məsafə saxlamırlar, özlərini elə aparırlar ki, sanki virus artıq məhv olub. Buna qətiyyən yol vermək olmaz. Ona görə bu adamlara qarşı ciddi tədbirlər görüləcək. Hamı bunu bilsin və nəticə çıxarsın. Biz imkan verə bilmərik ki, hansısa məsuliyyətsiz vətəndaşlara görə insanların həyatı risk altına düşsün. Qətiyyən mümkün deyil.
Ona görə indi ölkəmizin bəzi bölgələrində sanki pandemiyanın yeni mərhələsi başlayır, xüsusilə Gəncə şəhərində. Buna çox ciddi yanaşmaq lazımdır. Ona görə indiki karantin rejimində Bakı, Sumqayıt, Abşeron, Gəncə, Lənkəran üçün xüsusi rejim var. Nəyə görə? Çünki bu yerlərdə, bu şəhərlərdə xəstələrin sayı, yoluxma halları daha çoxdur. Son günlərdə yoluxanların demək olar ki, 30, 40, 50 faizi Gəncə şəhərinin payına düşür. Deməli, orada vəziyyət narahatlıq doğurmalıdır. İndi bu, araşdırılır, səbəbi nədir? Əsas səbəb insanlar və rəhbər orqanlar tərəfindən vaxtında tədbirlərin görülməməsidir. Harada ki, vaxtında tədbirlər görülür, harada ki, qəbul edilmiş qaydalar icra edilir, orada vəziyyət nəzarət altındadır. Biz nəzarəti gücləndirəcəyik. Ona görə karantin rejimi ilə bağlı sərtləşdirici tədbirlər istisna deyil. Bir daha demək istəyirəm ki, biz virusla mübarizədə birinci mərhələdə qalib gəlmişik. Virus qeyb olmayıb, burada dolaşır və dolaşacaq. Bunu həkimlər, mütəxəssislər çox yaxşı bilirlər, istərdim ki, vətəndaşlar da bunu bilsinlər. Maarifləndirmə işləri daha geniş vüsət almalıdır. Bəziləri hesab edir ki, bəli, virus daha yoxdur, bütün dünya böhran içindədir, Azərbaycan isə sanki dənizdə bir adadır, burada hər şey yaxşıdır və yaxşı olacaq. Əlbəttə, bir çox ölkələrə nisbətən yaxşıdır, ancaq buna mütləq formada yaxşı demək olmaz".
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.