Prezident İlham Əliyev: Bu gün bütün aidiyyəti orqanlara müraciət edərək deyirəm, cəza tədbirlərini sərtləşdirin

Bu gün bütün aidiyyəti orqanlara müraciət edərək deyirəm, cəza tədbirlərini sərtləşdirin.

Day.Az  AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışından sonra tibb işçiləri ilə görüşü zamanı çıxışında deyib.

Prezident İlham Əliyev qeyd edib:

"Əlbəttə, vətəndaşlar şəxsi gigiyenaya riayət etməlidirlər. Hesab edirəm ki, uzun müddət bundan sonra bu, bir növ yeni reallıqdır və biz bu reallıqla barışmalıyıq, istəsək də, istəməsək də. Maska taxmaq, məsafə saxlamaq, gündə bir neçə dəfə sabunla əlləri yumaq, dezinfeksiya vasitələrindən istifadə etmək bir qayda olmalıdır. İndi bilirsiniz, biz bəzən özümüzü bir neçə ölkə ilə müqayisə edirik, deyirik, - bəli, mən də bu gün bunu deyirəm, - həqiqətdir ki, bir çox inkişaf etmiş ölkələrdə vəziyyət acınacaqlıdır, böhranlıdır. Azərbaycandan fərqli olaraq o ölkələr bilmirlər ki, bu böhranla necə bacarsınlar. Amma digər tərəfdən biz görürük ki, o ölkələrdə, inkişaf etmiş ölkələrdə, məsuliyyət, nizam-intizam yüksək səviyyədə olan ölkələrdə insanlar məsafə saxlayırlar. Biz televiziyada görürük, növbə var, adamlar öz aralarında bir metr yarım, iki metr məsafə saxlayırlar, maska taxırlar. Amma bizdə məsafə saxlayan var? Açın istənilən kanala baxın. Dünən mən baxmışam, bankın qabağında bir-birinin yanında durublar, maska yox, müxbirlər soruşurlar ki, nə üçün? Elə bil ki, məktəb uşaqlarıdır, min cür bəhanə gətirirlər - yadımdan çıxdı, havada maska lazım deyil, cibimdədir. Biz belə münasibətə dözə bilmərik. Bu, zarafat deyil. Hər kəs bunu çox ciddi qəbul etməlidir. Belə adamlara qarşı ciddi cəza tədbirləri görüləcək. Mən bu gün bütün aidiyyəti orqanlara müraciət edərək deyirəm, cəza tədbirlərini sərtləşdirin. Biz vətəndaşları qorumalıyıq. Biz imkan verə bilmərik ki, hansısa intizamı pozan, məsuliyyətsiz adama görə vətəndaşlarımız xəstələnsin, ölsün. Ona görə bu qaydalara hər kəs riayət etməlidir, özü də bundan sonra uzun müddət ərzində.

Həkimlər, mütəxəssislər yaxşı bilirlər və geniş ictimaiyyət də bilməlidir ki, koronavirusa qarşı mübarizə o vaxt başa çatacaq ki, peyvənd hazırlanacaq. İndi bütün dünya bu peyvəndi gözləyir. Peyvəndin icad edilməsi üzərində bir çox ölkələrdə alimlər işləyir. Peyvənd hazırlanandan sonra artıq deyə bilərik ki, bəli, biz özümüzü bu virusdan qoruya bilərik. O vaxta qədər virus var və bunu hər kəs bilsin.

Ona görə mən hesab edirəm ki, bütün kompleks tədbirlər, vətəndaşların məsuliyyəti və nizam-intizamı nəticəsində biz bundan sonra da bu vəziyyəti nəzarət altında saxlaya biləcəyik. Çünki burada məsələ ancaq dövlət qurumlarının fəaliyyətindən asılı deyil. Dövlət qurumları, vətəndaş cəmiyyəti, vətəndaşlar, biz bir nöqtəyə vurmalıyıq. Biz həmrəylik, birlik göstərmişik. Həmrəyliyin təzahürlərindən biri də odur ki, həm dövlət, həm özəl sektor, sahibkarlar, ayrı-ayrı adamlar imkansız insanlara əl tuturlar, kömək göstərirlər, onları ərzaq malları ilə təchiz edirlər. Mənim təşəbbüsümlə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr verirlər. Artıq Fondda 100 milyon manatdan çox vəsait toplanıb. Bütün bunlar bizim xalqımızın ən yüksək xüsusiyyətlərini göstərir: mərhəmət, imkansızlara diqqət, yardım, birlik, həmrəylik. Amma məsuliyyət də, nizam-intizam da göstərməliyik. Hələ ki, biz bunu müraciət formasında dilə gətiririk. Amma lazım olsa, bu, məcburi qaydada tətbiq ediləcək".