Prezident İlham Əliyev: Təəssüf ki, beynəlxalq təşkilatlarda sözçülük çox geniş yayılıb
Təəssüf ki, beynəlxalq təşkilatlarda sözçülük çox geniş yayılıb, özü də ilbəil bir məruzədən digərinə köçürülən və arxasında heç bir əməli iş dayanmayan şablon sözlər. Həm də, əlbəttə, istənilən beynəlxalq təşkilat qüdrətli ölkələrdən, ortabablardan və hələ bir qədər böyüməli olan ölkələrdən ibarətdir. Ona görə burada bütün ölkələrin maraqlarının nəzərə alınması da vacibdir ki, böyük maliyyə, siyasi və digər resursları olmayan ölkələr özlərini aldadılmış, ikinci dərəcəli üzvlər kimi hiss etməsinlər.
Day.Az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TASS agentliyi direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində beynəlxalq təşkilatların nüfuzu və effektivliyi məsələsi barədə danışarkən səsləndirib.
Beynəlxalq təşkilatın nüfuzunun çox cəhətdən onun qəbul etdiyi qərarların yerinə yetirilməsindən asılı olduğunu bildirən dövlətimizin başçısı deyib: "Hətta BMT Təhlükəsizlik Şurasının neçə illər bundan əvvəl qəbul etdiyi qətnamələr yerinə yetirilmir və Azərbaycan bunu öz timsalında yəqin edib. Otuz ilə yaxındır ki, erməni işğalçı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilmir və təcavüzkara qarşı, bu qətnamələri pozana qarşı heç bir sanksiya tətbiq edilməyib. Buna görə hökmən cəza mexanizmi olmalıdır. Əgər beynəlxalq təşkilat icrası zəruri olan qərar qəbul edirsə, bu qərar yerinə yetirilməlidir. Qərarı pozan üzv barəsində isə bir neçə mərhələdən ibarət prosedur olmalıdır, lakin bu prosedur yoxdur. Mənim fikrimcə, beynəlxalq təşkilatlara münasibətdə müəyyən ümidsizlik doğuran əsas amillər bunlardır".
Prezident qeyd edib ki, bəzən beynəlxalq hüquqa zidd olan hərəkətlər müasir dünya nizamını şübhə altına alır. Ona görə ki, beynəlxalq hüquq hər kəs üçün prioritet olmalıdır və ölkələr onların potensialından, imkanlarından asılı olmayaraq beynəlxalq hüquqa hörmət etməyə borcludurlar.
"Amma biz bəzən beynəlxalq hüququn kobudcasına, nümayişkaranə şəkildə pozulduğunu görəndə sual yaranır: bəs biz nə üçün ona riayət etməliyik? Əgər başqaları onu pozmağı özlərinə rəva görə bilirsə, biz nə üçün poza bilmərik? Mən demirəm ki, biz bu yolla gedirik. Xeyr. Azərbaycan həmişə qanunun aliliyini və beynəlxalq hüququn aliliyini əsas götürür. Lakin haqlı olaraq, bu cür suallar yaranır və əlbəttə, onlara birgə cavablar axtarmaq lazımdır", - deyə Prezident İlham Əliyev vurğulayıb.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.