Prezident İlham Əliyev: Azərbaycan həmişə qanunun aliliyini və beynəlxalq hüququn aliliyini əsas götürür
Azərbaycan həmişə qanunun aliliyini və beynəlxalq hüququn aliliyini əsas götürür.
Day.Az-ın məlumatına görə, bu fikirləri Prezident İlham Əliyev TASS agentliyi direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində beynəlxalq təşkilatların nüfuzu və effektivliyi məsələsi barədə danışarkən səsləndirib.
Prezident İlham Əliyev deyib:
"Bilirsiniz, mənim fikrimcə, bu istiqamətdə əsas amil ayrı-ayrı ölkələrin iradəsidir. Ona görə ki, beynəlxalq təşkilatlar ölkələrdən ibarətdir və ölkələr bu təşkilatlara nümayəndələrini göndərirlər, ölkələr öz mənafelərini bu beynəlxalq təşkilatlar çərçivəsində müdafiə edirlər. Beynəlxalq təşkilatlara rəhbərlik edən insanlar beynəlxalq məmurlardır. Əlbəttə, onlar kiminsə xoşuna gələcək, kiminsə xoşuna gəlməyəcək məsul qərarlar qəbul etməli olanda üzləşdikləri çətinlikləri anlamaq lazımdır. Buna görə onların diplomatiya məharəti də çox cəhətdən bu və ya digər beynəlxalq təşkilatın nüfuzunu müəyyən edir.
Azərbaycana gəldikdə, bizim üzv olduğumuz bütün təşkilatlarda məhz ona görə iştirak edirik ki, bu təşkilatı gücləndirək, çünki biz onun üzvüyük, həmçinin bu təşkilatda fəaliyyətimiz çərçivəsində öz milli maraqlarımızı maksimum təmin edək. Lakin biz, ilk növbədə, üzv ölkələrin daha böyük etimadını qazanmağa çalışırıq və həyata keçirdiyimiz təşəbbüslər buna istiqamətlənib. Məsələn, Qoşulmama Hərəkatının üzvləri olan ölkələrə Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə yardımı göstərmək təşəbbüsü konkret nümunədir.
Təəssüf ki, beynəlxalq təşkilatlarda sözçülük çox geniş yayılıb, özü də ilbəil bir məruzədən digərinə köçürülən və arxasında heç bir əməli iş dayanmayan şablon sözlər. Həm də, əlbəttə, istənilən beynəlxalq təşkilat qüdrətli ölkələrdən, ortabablardan və hələ bir qədər böyüməli olan ölkələrdən ibarətdir. Ona görə burada bütün ölkələrin maraqlarının nəzərə alınması da vacibdir ki, böyük maliyyə, siyasi və digər resursları olmayan ölkələr özlərini aldadılmış, ikinci dərəcəli üzvlər kimi hiss etməsinlər. Buna görə hesab edirəm ki, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı hörmət mühüm prioritetlərdən biridir. Əlbəttə, bütün dünyanı, yaxud Qoşulmama Hərəkatı kimi 120 ölkəni birləşdirən qlobal beynəlxalq təşkilatlar çərçivəsində buna nail olmaq daha yığcam təşkilatlarla müqayisədə çətindir. Lakin hesab edirəm ki, bu, siyasətçilər üçün əsas ruhlandırıcı amil olmalıdır.
Bir də, əlbəttə, beynəlxalq təşkilatın nüfuzu çox cəhətdən onun qəbul etdiyi qərarların yerinə yetirilməsindən asılıdır. Deməliyəm ki, burada da islahatlar üçün yer çoxdur. Hətta BMT Təhlükəsizlik Şurasının neçə illər bundan əvvəl qəbul etdiyi qətnamələr yerinə yetirilmir və Azərbaycan bunu öz timsalında yəqin edib. Otuz ilə yaxındır ki, erməni işğalçı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilmir və təcavüzkara qarşı, bu qətnamələri pozana qarşı heç bir sanksiya tətbiq edilməyib. Buna görə hökmən cəza mexanizmi olmalıdır. Əgər beynəlxalq təşkilat icrası zəruri olan qərar qəbul edirsə, bu qərar yerinə yetirilməlidir. Qərarı pozan üzv barəsində isə bir neçə mərhələdən ibarət prosedur olmalıdır, lakin bu prosedur yoxdur. Mənim fikrimcə, beynəlxalq təşkilatlara münasibətdə müəyyən ümidsizlik doğuran əsas amillər bunlardır. Sizə səmimi deməliyəm, bəzən beynəlxalq hüquqa zidd olan hərəkətlər müşahidə edirik, bu isə əlbəttə, beynəlxalq təşkilatların nüfuzunu artırmır və ümumiyyətlə müasir dünya nizamını şübhə altına alır. Ona görə ki, beynəlxalq hüquq hər kəs üçün prioritet olmalıdır və ölkələr onların potensialından, imkanlarından asılı olmayaraq beynəlxalq hüquqa hörmət etməyə borcludurlar. Amma biz bəzən beynəlxalq hüququn kobudcasına, nümayişkaranə şəkildə pozulduğunu görəndə sual yaranır: bəs biz nə üçün ona riayət etməliyik? Əgər başqaları onu pozmağı özlərinə rəva görə bilirsə, biz nə üçün poza bilmərik? Mən demirəm ki, biz bu yolla gedirik. Xeyr. Azərbaycan həmişə qanunun aliliyini və beynəlxalq hüququn aliliyini əsas götürür. Lakin haqlı olaraq, bu cür suallar yaranır və əlbəttə, onlara birgə cavablar axtarmaq lazımdır".
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.