Toyvo Klaar: Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda siyasi nizamlanmasını təmin etmək lazımdır
Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda siyasi nizamlanmasını təmin etmək lazımdır.
Day.Az Trend-ə istinadən xəbər verir ki, Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar deyib.
O bildirib ki, COVID-19 pandemiyası ilə əlaqədar yaranmış mürəkkəb vəziyyətə baxmayaraq Aİ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi ətrafındakı hadisələri diqqətlə izləməkdə davam edir:
"Bununla əlaqədar olaraq mən ötən həftə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə telefon danışıqları keçirmişəm. Biz regionda son hadisələr, o cümlədən koronavirusun təsiri barədə fikir mübadiləsi apardıq. Bu, dünyanın ümumi problemidir və onun öhdəsindən gəlmək birgə səylər tələb edir. Bildiyiniz kimi, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Avropa İttifaqının adından qəti bəyanatla çıxış edərək BMT-nin baş katibi Antoniu Quterreşin koronavirus pandemiyası fonunda qlobal atəşkəsin təmin olunması barədə çağırışını dəstəklədi. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması kontekstində mən Aİ-nin atəşkəs rejiminə ciddi əməl etmək və ATƏT Minsk qrupu həmsədrlərinin rəhbərlik etdiyi sülh prosesində konstruktiv iştirak etmək çağırışını təkrarlamaq istərdim".
O əlavə edib ki. Aİ münaqişənin nizamlanması prosesinin fasiləsizliyini təmin edən həmsədrlərin səylərini, eləcə də onlarına regionda sülh və təhlükəsizliklə bağlı yanaşma və təkliflərini tam dəstəkləyir.
T.Klaar, həmçinin aprelin 21-də xarici işlər nazirləri və həmsədrlərin iştirakı ilə videokonfrans vasitəsilə keçirilmiş iclası müsbət hadisə kimi adlandırıb. O bildirib ki, münaqişədə status-kvo dayanıqlı deyil:
"Münaqişə tez bir zamanda siyasi nizamlanmanı tələb edir. Biz tərəflərin gərginliyi azaltmaq üçün tədbirlər görəcəyini və 2020-ci il yanvarın 30-da Cenevrədə üçgünlük müzakirələrin sonunda qəbul edilmiş birgə bəyanata uyğun addımlar atacağını gözləyirik".
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.