CNSNews: Azərbaycan Qran-Prisinin idman sərhədlərini aşması dini etiqad azadlığına sübutdur
ABŞ-da çıxan "CNSNews" qəzetində "Jewish News Service" nəşrinin keçmiş baş redaktoru Ceykob Kamarasın "Azərbaycanın Qran-Prisinin idman sərhədlərini aşması dini etiqad azadlığına sübutdur" sərlövhəli məqaləsi dərc edilib.
Day.Az AZƏRTAC-a istinadla xəbər verir ki, məqalədə Azərbaycanda multikulturalizm və dini tolerantlıq ənənələrindən bəhs edilir.
Müəllif yazır ki, bu il Formula 1 yarışları üzrə Azərbaycan Qran-Prisi iyunun 7-nə planlaşdırılmışdı, lakin məlum səbəblərə görə dünyanın hər yerində nəzərdə tutulan başqa idman tədbirləri və turnirlər kimi, Formula 1 üzrə Azərbaycan Qran-Prisi də ləğv edilib.
Üç il bundan əvvəl Formula 1 yarışları üzrə Azərbaycan Qran-Prisi İslamda müqəddəs Ramazan ayının sonunu bildirən İd əl-Fitr bayramı ərəfəsində keçirilmişdi. Qeyd edək ki, heç bir başqa müsəlman ölkəsində belə möhtəşəm idman tədbiri İslam təqvimində ən əhəmiyyətli bayram ərəfəsində və ya ondan dərhal sonra keçirilmir.
Əhalisinin 90 faizi müsəlmanlar olan Azərbaycanda dinin dövlətdən ayrılması Qran-Prini dini etiqad azadlığın güclü təzahürü kimi fərqləndirməyə imkan verir. Gellap İnstitutunun araşdırmaları göstərir ki, Azərbaycan planetdə ən dünyəvi ölkələrdən biridir. Bu, müsəlman dövlətləri arasında nadir hadisədir.
Kamaras öz məqaləsində daha sonra Azərbaycan və İsrail arasında yaxın münasibətlər, iqtisadiyyat, mədəniyyət və təhlükəsizlik sahəsində iki ölkənin əməkdaşlığı haqqında yazır. Hazırda Azərbaycan və İsrail koronavirusun yayılmasına qarşı səmərəli tədbirlər görməklə bütün dünyaya yenidən nümunə göstərir.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.