Prezident İlham Əliyev və Pakistan Prezidenti Arif Alvi arasında telefon danışığı olub
Mayın 8-də Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Pakistan Prezidenti Arif Alvi Prezident İlham Əliyevin təşəbbüsü ilə bu yaxınlarda Qoşulmama Hərəkatının koronavirusla mübarizəyə həsr olunmuş videokonfransının keçirilməsi münasibətilə təbriklərini çatdırdı və konfransın pandemiya ilə mübarizə sahəsində səylərin gücləndirilməsi baxımından önəmini qeyd etdi.
Prezident İlham Əliyev bu tədbirin ölkələr arasında həmrəyliyin və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi işinə böyük töhfə verdiyini bildirdi.
Dövlət başçıları beynəlxalq səviyyədə ölkələrimizin bundan sonra da bir-birilərinin mövqeyini dəstəkləyəcəklərinə əminliklərini ifadə etdilər.
Telefon söhbəti zamanı Prezident İlham Əliyev və Prezident Arif Alvi koronavirusla mübarizə sahəsində həyata keçirilən tədbirlərdən danışdılar, ikitərəfli münasibətlərin perspektivləri, o cümlədən iqtisadi və ticarət əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi apardılar.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.