Sahibə Qafarova: Müharibə veteranları dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunublar
Müharibə veteranları dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunublar. Sabah biz faşizm üzərində Qələbənin 75 illiyini qeyd edəcəyik. Qələbənin əldə edilməsinə Azərbaycan xalqı böyük töhfələr verib.
Day.Az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Milli Məclisinin Sədri xanım Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.
S.Qafarova bildirib ki, bu məqamda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin bir çıxışında söylədiyi fikri xatırlatmaq istəyirəm:
"Tarix bu gün də bilməlidir ki, Azərbaycanın İkinci Dünya müharibəsində xidmətləri, fəaliyyəti və rolu çox böyük olub". Müharibə dövründə Azərbaycandan 680 mindən çox adam cəbhəyə çağırılıb. Onların 40 min nəfəri cəbhəyə könüllü gedib. 320 minə qədər həmvətənimiz döyüş meydanlarından geriyə qayıtmayıb. Müharibə illərində əsgərlərimiz böyük qəhrəmanlıq göstəriblər. 400 mindən çox azərbaycanlı döyüş ordenləri və medalları ilə təltif edilib, 130 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Azərbaycanda 5 milli diviziya təşkil edilib. Bu diviziyalardan biri-məşhur 416-cı Azərbaycan Taqanroq diviziyası Berlinə ilk daxil olan hərbi birliklərin sırasında olub. Azərbaycanın oğul və qızları faşizmə qarşı müqavimət hərəkatında da fəal iştirak ediblər.
Onlar müxtəlif ölkələrdə partizan dəstələrində vuruşublar. Təkcə Fransanın antifaşist hərəkatında 3 mindən çox azərbaycanlı iştirak edib. Müharibə illərində Azərbaycanın bütün iqtisadiyyatı ordunun ehtiyaclarına uyğunlaşdırılıb. Bakıdan cəbhəyə 75 milyon ton neft və 22 milyon ton benzin göndərilib. O dövrdə döyüşlərdə iştirak edən hər 5 təyyarədən, tankdan, avtomaşından və hərbi gəmidən dördü Azərbaycanda istehsal edilmiş yanacaqla işləyirdi. Azərbaycan müəssisələrində 130 növ silah, sursat və başqa hərbi ləvazimat istehsal edilirdi. Hörmətli həmkarlar, bu gün müharibə veteranları cəmiyyətimizin ən hörmətli üzvləri kimi dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunublar.
Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə onlara, eləcə də müharibədə həlak olmuş və ya vəfat etmiş döyüşçülərin dul arvadlarına və arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə mütəmadi maddi yardım verilir. Bununla yanaşı, müharibə veteranları mənzil və fərdi minik avtomobilləri ilə təmin olunur və digər güzəştlərdən istifadə edirlər. Hörmətli həmkarlar, Qələbə günü münasibəti ilə mən müharibə veteranlarını, bütün xalqımızı ürəkdən təbrik edirəm, İkinci Dünya müharibəsində qəhrəmanlıqla vuruşmuş, arxa cəbhədə fədakarlıq göstərmiş Azərbaycan xalqının oğul və qızlarına minnətdarlıq duyğularımı ifadə edirəm".
S.Qafarova əlavə edib ki, biz əminik ki, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə yaxın zamanda Azərbaycan tarixinə yeni bir qələbə günü, erməni faşizminin məğlub edilməsi, Qarabağın azad edilməsi, haqq-ədalətin bərpa olunması ilə bağlı bayram günü daxil olacaqdır:
"Hörmətli həmkarlar, may ayının 10-da ulu öndər Heydər Əliyevin anadan olmasının 97 illiyi tamam olacaq. Heydər Əliyev Azərbaycan xalqının öz tarixi ərzində yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Xalqımızın yaradıcı zəkasını və enerjisini təcəssüm etdirən ulu öndər millətimizin şərəf və ləyaqət rəmzinə çevrilib. Onun sayəsində xalqımız əvvəlcə dövlət müstəqilliyinin möhkəm təməlini yaradıb, sonra isə müstəqil milli dövlətçiliyini qoruyub saxlayıb və ardıcıl inkişaf yoluna çıxarıb. 1960-cı illərin axırlarında və 1990-cı illərin əvvəllərində ulu öndərin hakimiyyətə hər iki gəlişi ölkəmizin və xalqımızın çox ağır sınaqlara çəkildiyi dövrlərə təsadüf edib.
Hər dəfə də Heydər Əliyev ona bəslənən ümidləri doğruldaraq, xilaskarlıq və quruculuq missiyasını uğurla həyata keçirib və əsl milli lider olduğunu sübuta yetirib. Ulu öndərin zəhmətinin bəhrəsi olan müstəqil Azərbaycan dövləti bu gün etibarlı əllərdədir, başladığı bütün işlər eyni əzm və iradə ilə davam etdirilir. Möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi müdrik siyasət Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətlərindən birinə çevirib. Azərbaycanın xoşbəxt gələcəyi İlham Əliyev tərəfindən uğurla davam etdirilən Heydər Əliyev siyasi xətti ilə bağlıdır. Ulu öndərin qüdrətli zəkasından güc almış inkişaf strategiyası İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqillik yollarında ardıcıl irəliləməsini, xalqımızın daha firavan günlərə qovuşmasını təmin edir".
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.