Elçin Mirzəbəyli: Araz çayı üzərində su elektrik stansiyalarının tikintisi ilə bağlı məsələdə süni ajiotajın yaradılması məqsədyönlü xarakter daşıyır

Azərbaycanla İran arasında Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi ilə bağlı məsələnin ətrafında süni ajiotajın yaradılması məqsədyönlü xarakter daşıyır.

Bunu Trend-ə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli deyib.

E.Mirzəbəyli bildirib ki, bəziləri 2016-cı ilin fevralında Azərbaycan Respublikası və İran İslam Respublikası Hökumətləri arasında imzalanmış Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında sazişə bilərəkdən istinad etmir, həmin sazişdə Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığının xüsusi olaraq vurğulandığını dilə gətirmir, bununla da insanların vətənpərvərlik hisləri ilə oynamağa, onları dövlətə qarşı yönəltməyə çalışırlar:

"Özünü "ekspert" hesab edən bəziləri isə məsələnin mahiyyətindən məlumatları olmağı halda, faktların bilərəkdən təhrif olunduğu açıqlamaları əsas götürməklə, öz "istedad və bacarıqlarını", necə "vətənsevər" olduqlarını ictimai rəyə sırımağa çalışırlar.

Sazişə əsasən, "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadəsi ilə əlaqədar tərəflər birgə fəaliyyət göstərirlər və bu qurğuların mülkiyyəti Azərbaycan və İrana məxsusdur. İran tərəfi sözügedən hidroqovşaqların və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsini saziş əsasında həyata keçirir və bu sazişin icrası məqsədilə tərəflərin birgə texniki komissiyası yaradılıb. Həmin hidroqovşaqların qorunması və istismarının müvəqqəti və ya daimi olaraq üçüncü ölkənin fiziki və ya hüquqi şəxslərinə verilməsi qadağan olunur.

Qeyd edilən hidroqovşaqların su ehtiyatlarından istifadə edilməsi bərabərlik prinsipi əsasında həyata keçirilir və hər bir tərəfin su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi həmin ölkəyə məxsus olacaq. Bəndlərin birgə istifadəsi və idarəçiliyi Azərbaycan və İran arasında paritet əsaslarda formalaşan heyət tərəfindən yerində həyata keçiriləcək. Bu isə o deməkdir ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunanadək, İran sazişin yalnız özünə aid olan hissəsini icra edəcək və görülən işlərlə bağlı Azərbaycan tərəfini məlumatlandıracaq.

Yəni prosesə nəzarət birgə həyata keçiriləcək. İranla 2016-cı ildə imzalanan saziş həm də o anlama gəlir ki, Azərbaycan öz torpaqlarını tezliklə işğaldan azad edəcəyinə və sazişin özünə aid hissəsini yerinə yetirəcəyinə əmindir. Bunun əksini iddia edənlər isə, ictimai rəyə təslimçilik ruhu aşılamaqla yanaşı erməni təbliğat maşının uydurduğu yalanların həqiqət kimi təqdim olunmasına çalışırlar. Əsl xəyanət də məhz budur!".