Ramil Vəlibəyov: Milli xəyanətkarların “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları ətrafında təxribatı iflasa məhkumdur
Son günlərdə bəzi "YouTube" kanallarında, eləcə də AXCP-yə aid sosial şəbəkə resurslarında Azərbaycanla İran arasında Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi məsələsi ətrafında təxribat, əsassız ajiotaj yaradılır. Lakin məsələyə konseptual yanaşdıqda, problemin mahiyyətini təhlil etdikdə aydın şəkildə görmək olur ki, "beşinci kolon" bu dəfə də milli xəyanət, düşmənçilik yolunu tutub.
Bunu Trend-ə Yeni Azərbaycan Partiyasının üzvü Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Azərbaycanla İran arasında Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi yeni məsələ deyil: "Çünki sözügedən saziş də imzalanarkən tərəflər 14 may 1957-ci ildə, 11 avqust 1957-ci ildə, 2 iyul 1994-cü ildə və 20 may 2002-ci ildə imzalanmış müqavilələrin müddəalarını rəhbər tutaraq razılığa gəliblər. Bu mənada, Azərbaycan hakimiyyətinin milli maraqlara əsaslanan siyasətinə və fəaliyyətinə ləkə vurmaq üçün saxta xəbərlərlə gündəmə gələn milli xəyanətkarlar sözügedən məsələnin tarixi haqqında məlumatları internet üzərindən çox asanlıqla əldə edə bilərdilər".
Ramil Vəlibəyov vurğulayıb ki, 2016-cı ilin fevral ayında imzalanmış sazişin preambulasında göstərildiyi kimi, tərəflər BMT qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasının əhəmiyyətini nəzərə alaraq müqaviləni imzalayıblar: "Bu isə o deməkdir ki, imzalanmış saziş Azərbaycanın ərazi bütövlüyünə əsaslanan və onu qəbul edən beynəlxalq sənəddir. Bu saziş eyni zamanda dövlətimizin işğal olunmuş əraziləri üzərində suveren hüquqlarını və yurisdiksiyasını təsdiq edən sənəddir. Hər gün onları ifşa edən insanlara "google"da axtarış etməyi məsləhət bilən Əli Kərimli, Sevinc Osmanqızı, Qənimət Zahid kimilər hər halda ərazi bütövlüyü faktını başa düşmək üçün əsassız iddialarla çıxış etmək əvəzinə internet üzərindən axtarış verib, açıq istifadədə olan sazişin mətninə də ötəri göz ata bilərdilər. Lakin buna lüzum görməyiblər. Çünki, onlar ya savadsızdırlar, bacarıqsızdırlar, qabiliyyətsizdirlər, ya da şüurlu şəkildə faktları inkar edib, xəyanət yolunu tutublar".
"Azərbaycan dövlətini milli xəyanətdə ittiham edənlər təəssüf ki, bu məsələdə Azərbaycan diplomatiyasının uğurunu görə bilmirlər və ya görməzlikdən gəlirlər. Bunun üçün isə çox da zəhmət çəkməyə ehtiyac yoxdur, sadəcə bir az düşünməyə ehtiyac var idi" - deyən Ramil Vəlibəyov əlavə edib ki, sazişin 6-cı maddəsində açıq şəkildə qeyd olunur ki, həmin hidroqovşaqların qorunması və istismarının müvəqqəti və ya daimi olaraq üçüncü ölkənin fiziki və ya hüquqi şəxslərinə verilməsi qadağan olunur: "Bu sazişlə Azərbaycan milli maraqlarını qorumaqla, ərazi bütövlüyünü beynəlxalq hüquq çərçivəsində təsdiqlətməklə yanaşı milli tariximizə də sahib çıxır. Əgər diqqət yetirsək, görərik ki, sazişin 11-ci maddəsinə əsasən, "Xudafərin" körpüləri bərpa olunacaq, qorunacaq və tərəflər Dünya İrs Siyahısına salınması üçün müvafiq sənədləri birgə hazırlayaraq, qeydə alınması üçün YUNESKO-nun Dünya İrs Mərkəzinə təqdim edəcəklər".
Ramil Vəlibəyov diqqətə çatdırıb ki, "beşinci kolon"un əsassız ajiotaj yaratması və Azərbaycan hakimiyyətini günahlandırması Əli Kərimli və onun trolları qarşısında qoyulmuş konkret vəzifədən və siyasi tapşırıqdan irəli gəlir: "Son illər İranla Azərbaycan arasında siyasi və iqtisadi əlaqələr çox güclənib, dərinləşib. Eyni zamanda, bu saziş əsasında inşa edilən SES və su anbarı ilə Azərbaycan həm işğaldan azad ediləcək ərazilərimizin su və elektrik təhlükəsizliyini, təchizatını indidən təşkil edir, həm də təcavüz faktının qarşısının tez bir zamanda alınması üçün rəsmi Bakı güclü siyasi iradəsini nümayiş etdirir. Bütün bunlar isə ilk olaraq blokada şəraitində yaşayan Ermənistanı narahat edir. Elə bu səbəbdəndir ki, İranla Azərbaycan arasında nifaq salmaq, tarixi layihələrin həyata keçirilməsinə mane olmaq, ölkə daxilində ictimai rəyi çaşdırmaq, nəhayət hakimiyyəti ittiham edib, ona beynəlxalq təzyiqləri gücləndirmək üçün Əli Kərimlinin, Sevinc Osmanqızının, Qənimət Zahidin, Cəmil Həsənlinin və başqalarının yer aldığı "beşinci kolon" işə salınıb. 1992-ci ildə hakimiyyətdə olduqları zaman "bayrağımızı Təbrizə sancacağıq" deyib, İranla Azərbaycanı düşmən edənlər bu gün "vətənpərvər" libasında milli maraqları düşünən olublar. Düşünürəm ki, Azərbaycan ictimaiyyəti milli satqınların kim olduğunu yaxşı bilir. Ona görə də, milli xəyanətkarların "Xudafərin" və "Qız Qalası" hidroqovşaqları və su elektrik stansiyaları ətrafında təxribatı iflasa məhkumdur".
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.