Sevil Mikayılova: Ermənistanda faşist, millətçi və qatillərin qəhrəmanlaşdırılması ümumbəşəri sülh çağırışlarına ziddir

Ermənistanda faşist, millətçi və qatillərin qəhrəmanlaşdırılması ümumbəşəri sülh çağırışlarına ziddir.

Day.Az  Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Deputat bildirib ki, bütün dünya birliyinin faşizm üzərində qələbəni böyük sevinclə qeyd etdiyi bir gündə, Ermənistanda faşist cəlladının abidəsi önünə əklil qoyulması, bu ölkədə siyasi rejimin faşizm ideologiyasına xidmət etdiyini bariz şəkildə göstərir:

"Təəssüf hissi ilə qeyd etməliyik ki, sülhsevər bəşəriyyətin 75 il əvvəl üzərində qətiyyətli qələbə çaldığı faşizm ideologiyası bu gün Ermənistanda siyasi ideala çevrilərək təbliğ olunur və yaşadılır. Faşist canilərinin qəhrəmanlaşdırılması bu ölkədə siyasi ənənəyə çevrilməkdədir. Bu isə əslində, Ermənistandakı siyasi rejimin təhlükəli faşizm ideologiyasına əsaslanmasının əyani sübutudur.

"Njde" ləqəbi ilə tanınan məşhur faşist cəlladı Qaregin Ter-Arutunyana 6 metr hündürlüyündə abidənin ucaldılması və qatilin xatirəsinin əbədiləşdirilməsi göstərir ki, Ermənistanda faşist və millətçi ideoloji kursu dövlət siyasəti səviyyəsində müdafiə olunur.

Vətənə xəyanət, həmçinin kütləvi qətllər törətməkdə şübhəli bilinən və buna görə SSRİ məhkəməsi tərəfindən mühakimə edilərək 25 il müddətinə həbs olunan qatil Njdenin hazırkı rejim tərəfindən erməni xalqının "qəhrəman oğlu" kimi təqdim olunması Böyük Vətən Müharibəsində qazanılmış tarixi qələbənin ermənisayağı intepretasiyasıdır.

Xüsusilə qeyd etmək istərdim ki, Azərbaycan Prezidenti İlham Əliyevin qatil və cani Njdenin Ermənistanda qəhrəmanlaşdırılması və bu ölkənin hazırkı rejiminin faşist ideologiyasını təbliğ etməsi faktını MDB Dövlət Başçıları Şurasının iclasında qaldırmasından sonra Rusiyanın Krasnodar diyarının Armavir şəhərində faşistlərin əlaltısı Qarergin Njdeyə quraşdırılan xatirə lövhəsi sökülüb. Njdenin qəhrəmanlaşdırılması Rusiyanın siyası dairələri tərəfindən xüsusilə pislənilib".

S.Mikayılova əlavə edib ki, faşist, millətçi və qatillərin qəhrəmanlaşdırılması ümumbəşəri sülh çağırışlarına ziddir:

"Dünyada sülhün və sabitliyin qorunması naminə faşizm və millətçilik meyillərinin baş qaldırmasının yolverilməz olması ilə bağlı Prezident İlham Əliyevin çağırışları dünya birliyində birmənalı təqdir olunur və dəstəklənir. Yeni təhlükəli vandal hərəkatının yaradılması meyilləri dünya birliyi tərəfindən birmənalı və qətiyyətlə pislənməlidir, bunun qarşısının alınması üçün dünya liderləri tərəfindən sərt mövqe ortaya qoyulmalıdır".