Əminə Ağazadə: Koronavirusla mübarizədə qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində Azərbaycanda vəziyyət nəzarət altındadır
8 may 2020-ci il tarixində ATƏT PA-nın Demokratiya İnsan haqları və humanitar məsələlər Komitəsinin onlayn iclası keçirilib. İclasda fövqəladə hallar zamanı insan hüquqlarına hörmət etmək və demokratik nəzarəti saxlamaq mövzusunda müzakirilər aparılıb.
Day.Az-ın məlumatına görə, Milli Məclisin deputatı Əminə Ağazadə iclasda çıxış edib.
Depuat çıxışında bildirib:
"Prezident İlham Əliyev respublikamızda koronavirusa qarşı mübarizə tədbirlərinə başlanıldığı ilk gündən ölkə vətəndaşlarının sağlamlığının qorunmasını, pandemiyaya qarşı mübarizənin gücləndirilməsini bir nömrəli vəzifə kimi qarşıya qoyub, bütün dövlət qurumlarına əsas diqqəti bu sahəyə yönəltməyi tapşırıb. Ölkəmizdə qlobal pandemiyanın qarşısının alınması məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq zəruri tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Demək olar ki, dünyanın bütün ölkələrində koronavirusla bağlı problemlər yaşanır. Azərbaycan da dünyanın bir parçasıdır. Ancaq qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində biz vəziyyəti nəzarət altında saxlayırıq. Təxirəsalınmaz addımların atılması nəticəsində Azərbaycanda vəziyyət nəzarət altındadır.
Qlobal pandemiya şəraitində insanların həyat və sağlamlığının qorunması, habelə iqtisadiyyatın inkişafına mənfi təsirlərin aradan qaldırılması ilə bağlı dövlətin digər qurumları ilə yanaşı penitensiar və tibb xidmətləri gücləndirilmiş iş rejiminə keçərək, məhkum və təqsirləndirilən şəxslərin yaxınları ilə görüşləri və sovqatların ötürülməsi məhdudlaşdırmış, bütün əməkdaşların və məhbusların sağlamlığı daim nəzarətdə saxlanılmaqla gündəlik tibbi müayinəsi, termometriyası aparılmışdır. Bunun nəticəsidir ki, hazırda onların səhhəti normaldır və heç bir ciddi xəstəlik müəyyən edilməyib.
Bu sahədə vəziyyət Ədliyyə nazirliyin aidiyyəti məsul işçilərindən və vətəndaş cəmiyyətinin nümayəndələrindən ibarət monitorinq qrupu tərəfindən mütəmadi öyrənilir, habelə məhkum və həbs olunmuş şəxslərin qidalanmasına, ərzaqla təminatına, onların çeşidinə və keyfiyyətinə gündəlik nəzarət olunur. Karantin müddətində məhkumların qohumları tərəfindən edilən bütün ziyarətləri dayandırılıb. Alternativ olaraq görüşləri telefon danışıqları ilə əvəz etmək təklif olunur.
Dövlətimizin humanizm siyasətinin təzahürü olaraq məhkumları cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə və daha yüngül rejimli müəssisəyə keçirmə institutunun tətbiqi diqqətdə saxlanılaraq mart ayının 26-da 200-dən çox məhkum cəzalarının çəkilməmiş hissəsindən azad edilərək azadlığa buraxılmış, həmçinin, aprel ayının 6-da yaşı 65-dən yuxarı daha 176 məhbusun azad olunması barədə karantin rejimində Prezidenti İlham Əliyev əfv sərəncamı imzalamışdır. Təbii ki, bu, humanizm prinsiplərinin rəhbər tutularaq imzalanan əfv idi. Bu addım ancaq alqışlana bilər.
Hazırkı əfv aktı Azərbaycan Prezidentinin insanpərvər siyasətinin növbəti təzahürü olub. Dövlət başçısının imzaladığı qanunvericilik aktlarına əsasən, indiyə kimi 4 871 şəxs əfv edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları 40 412 şəxsi əhatə edib, onlardan 8 580 nəfər azadlıqdan məhrum etmə cəzasından azad olunub.
Cəza siyasətinin humanistləşdirilməsi və cəzaların dekriminallaşdırılması istiqamətində qanun layihələrinin 2-ci paketi Milli Məclisin 1 may 2020-ci il iclasında qəbul edildi. Cinayət və İnzibati xətalar məcəllələrinə, habelə "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi təklif olunmuşdur. Belə ki, Cinayət Məcəlləsinə 200-ə yaxın, İnzibati Xətalar Məcəlləsinə 40 dəyişikliyin edilməsi nəzərdə tutulmuşdur. Qanuna əsasən 40 yaxın cinayətin dekriminallaşdırılması nəzərdə tutulur. Həmin qanunu qəbulu və gələcəkdə tətbiqi nəticəsində minlərlə şəxsin vəziyyətinin bu və ya digər formada yüngülləşdiriləcəyi gözləniləndir.
Ölkəmizdə COVİD-19 qlobal pandemiyası ilə mübarizə şəraitində bütün dövlət və yerli icra qurumları, o cümlədən, Milli Məclis tərəfindən koronavirusun qarşısının alınması üzrə mütəşəkkil tədbirlər görülür, davamlı dezinfeksiya, profilaktik və digər preventiv işlər aparılır, vətəndaşların müraciətləri və qəbulu işi, əhaliyə göstərilən xidmətlər elektron qaydada təşkil edilir, pandemiya şəraitində vətəndaşların məhkəmə, qanunvericilik və yerli icra orqanlarına əlçatanlığının asanlaşdırılması məqsədilə müasir innovasiyaların tətbiqi genişləndirilir, "Elektron məhkəmə" informasiya sistemi çərçivəsində xüsusi proqram vasitəsilə məhkəmə proseslərinin videokonfrans şəkildə keçirilməsi təşkil edilir.
İnsan hüquqlarının pozulması ilə bağlı qeyd etmək istərdim ki, insan hüquqlarına hörmət hər zaman ölkəmiz üçün prioritet məsələ olmuşdur. Bu məqsədlə karantin rejimini pozan insanların hər hansı bir hərəkətinin qarşısını almaq üçün bir sıra inzibati sanksiyalar tətbiq edilmişdir. Bu tədbirlər yalnız insanlar tərəfindən karantin rejiminə riayət olunmasını təmin etmək, vətəndaşların özünüdərk səviyyəsini yüksəltmək məqsədi daşıyır. Hamımız üçün çətin olan bu vaxtda, heç bir şəkildə insan hüquqlarına hörmətsizlik və ya pozulması kimi hallara yol verməmək üçün əlimizdən gələni edirik.
Dostluq, qarşılıqlı dəstək və həmrəyliyi qoruyaraq birlikdə bu bəlaya qalib gələcəyimizə inanıram!
Qeyd etmək lazımdır ki, karantin rejimi Bakı və 3 şəhərdə may ayının 31-nə qədər uzadılıb, Azərbaycanın digər bölgələrində isə götürülüb, 27 aprel və 4 may tarixlərində bir sıra məhdudiyyətlər yumşaldılmışdır".
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.