Tamam Cəfərova: Hazırda bütün ölkə koronavirusa qarşı mübarizə üçün səfərbər edilib
Hazırda bütün ölkə koronavirusa qarşı mübarizə üçün səfərbər edilib.
Bunu Trend-ə millət vəkili Tamam Cəfərova Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışına münasibət bildirərkən deyib.
O bildirib ki, Bakıda modul tipli xəstəxananın istifadəyə verilməsinin bu günlərə təsadüf etməsi pandemiyaya qarşı mübarizənin daha da genişlənməsi deməkdir. Modul tipli xəstəxana kompleksində orta-ağır simptomlu infeksion xəstələrin qəbulu və müalicəsi üçün hərtərəfli şərait yaradılıb. Ehtiyac yaranacağı təqdirdə, əlavə avadanlıqlar təchiz olunmaqla palataların reanimasiyaya çevrilməsi mümkündür:
"Ölkə olaraq virusa qarşı böyük qətiyyətlə, uğurlu nəticə ortaya qoysaq da, son günlər katantin rejimində yumşalma ilə paralel yoluxanların sayında artım var. Bu fakt ola bilər ki, karantin rejiminin yenidən sərtləşdirilməsinə səbəb olsun, hər bir halda, xəstələrin müalicəsi üçün artıq yeni mərhələyə keçmişik və modul tipli xəstəxananın da açılışı bunun bariz nümunəsidir".
Millət vəkili daha sonra qeyd edib ki, sözügedən kompleks bütün zəruri avadanlıq və sistemlə təchiz olunub: "Burada quraşdırılan xüsusi havalandırma sistemi havanı ventilyasiya qurğusu ilə təmizlədikdən sonra palatalara ötürür. May ayı ərzində modul tipli daha 5 xəstəxana kompleksinin, iyun ayının ortalarınadək isə digər 4 kompleksin istifadəyə verilməsi nəzərdə tutulub. Bu komplekslərin müəyyən edilən şəhər və rayonlardakı mövcud xəstəxanaların yaxınlığında quraşdırılaraq onlara təhkim edilməsi nəzərdə tutulur ki, bu da koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməni və tibbi koordinasiyanı təmin edəcək. Modul tipli yardımçı xəstəxana korpuslarının mühüm üstünlükləri var. Belə ki, qısa müddət ərzində sadə beton bünövrə üzərində quraşdırılan bu tikililər pandemiya ilə mübarizə başa çatdıqdan sonra, yəni, zərurət olmadıqda tezliklə və asanlıqla digər sahələrə köçürülə, başqa məqsədlər üçün də istifadə edilə bilər".
T.Cəfərova ölkə rəhbərinin tibb sahəsində infrastrukturun qurulmasına xüsusi yanaşdığını bildirərək deyib ki, modul tipli xəstəxanaların inşa sayının 10-a çatdırılması nəticənin uğurlu təmini deməkdir: "Koronavirusla mübarizə dünyaya Azərbaycan təcrübəsini verdi, bizim vətəndaşlar mükəmməl tibbi xidmət gördüyü halda, inkişaf etmiş ölkələrin vətəndaşları üçün adi çarpayı çatışmır, qabaqlayıcı tədbirlər vasitəsilə artıq birinci mərhələni qalib kimi başa vurmuşuq. Bu gün testlərin aparılması istiqamətində də böyük uğurlar var. Adambaşına keçirilən testlərin sayına görə Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir. Testlərin keçirilməsi üçün yeni laboratoriyalar alınıb. Onların sayı 23-ə çatıb və yeni laboratoriyaların yaradılması gündəlikdə duran məsələdir".
Millət vəkili deyib ki, ölkə başçısının ifadə etdiyi nüanslara ciddi əməl edilməlidir: "Şəxsi gigiyenaya əməl olunmalıdır, karantin qaydalarına riayət edilməlidir, qanunun tələblərini pozanlar ciddi şəkildə cəzalandırılmalıdır. Həkimlər, mütəxəssislər yaxşı bilirlər və geniş ictimaiyyət də bilməlidir ki, koronavirusa qarşı mübarizə o vaxt başa çatacaq ki, peyvənd hazırlanacaq. İndi bütün dünya bu peyvəndi gözləyir. Peyvəndin icad edilməsi üzərində bir çox ölkələrdə alimlər işləyir. Peyvənd hazırlanandan sonra artıq deyə bilərik ki, bəli, biz özümüzü bu virusdan qoruya bilərik. O vaxta qədər virus var və bunu hər kəs bilsin".
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.