Prezident İlham Əliyev: Həm tarixi ədalət, həm də beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir
Ermənistanın Azərbaycana qarşı 25 ildən çox davam edən təcavüzü ölkəmizin ərazisinin təqribən 20 faizinin işğal edilməsinə gətirib çıxarıb. Nəticədə 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Day.Az-ın məlumatına görə, bu fikirləri Prezident İlham Əliyev Rusiyanın "Natsionalnaya oborona" ("Milli müdafiə") jurnalına müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, həm tarixi ədalət, həm də beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. "Qarabağ" adının özü Azərbaycan sözüdür. Tarixdən məlumdur ki, 1805-ci ildə Qarabağ xanı İbrahim xan tərəfindən Rusiya ordusunun generalı Sisiyanovla imzalanmış sazişə görə Azərbaycanın Qarabağ xanlığı müstəqil ölkə kimi Rusiya imperiyasının tabeliyinə keçib. Kürəkçay sazişi adlanan bu sənədin mətnini internetdə tapmaq olar. Həmin sənəddə Qarabağın erməni əhalisi barədə heç nə deyilmir. 1813-cü və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri əsasında Azərbaycanın qalan əraziləri də Rusiya imperiyasının tərkibinə keçib. Həmin dövrdə erməniləri İrandan və Şərqi Anadoludan Azərbaycanın Qarabağ regionuna köçürməyə başlayıblar. Beləliklə, yüz minlərlə erməni köçkün tarixi Azərbaycan torpağına gəlib çıxıb.
Sonradan, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradılanda onun ilk fərmanlarından biri İrəvanın Azərbaycanın tərkibindən Ermənistanın tərkibinə verilməsi və Ermənistanın paytaxtı elan edilməsi haqqında fərman olub. Bu da tarixi faktdır. 1921-ci ildə bolşeviklər partiyasının Qafqaz bürosu Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanması haqqında qərar qəbul edib. Bəzi erməni tarixçilərinin yazdığı kimi, Azərbaycana verilməsi haqqında yox, məhz saxlanması haqqında. Bu da tarixi faktdır. Daha bir tarixi fakt ondan ibarətdir ki, 1923-cü ildə Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında fərman verib.
Azərbaycan BMT-yə daxil olanda da, o, özünün tam ərazi bütövlüyü çərçivəsində daxil olub. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü, bütün dünya tərəfindən qəbul edilmiş BMT-nin Nizamnaməsi və Helsinki Yekun Aktı çərçivəsində həll edilməlidir.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.