Heydər Əliyev ideyalarının təntənəsi: Müasir Azərbaycan Respublikası
Tarix dahi insanların fəaliyyətinin məhsuludur. Heç bir xalq dahi, böyük tarixi miqyaslı şəxsiyyətlər yetişdirmədən inkişafın zirvəsinə yüksələ bilməyib. Tale Azərbaycan xalqını da inkişafın gedişinə və istiqamətlərinə fövqəladə təsir göstərmək qüdrətinə malik olan dahi şəxsiyyətlərdən məhrum etməmişdir. Ən müasir tariximizdə bu şərəfli missiya Ümummilli lider Heydər Əliyevə nəsib oldu. İndiki nəsillərin şahidi olduğu tarixin yaradıcısı, müasir Azərbaycanın qurucusu da məhz Heydər Əliyevdir.
Müasir Azərbaycanın qurucusu
Keçən əsrin 90-cı illərinin əvvəlləri Azərbaycanın tarixinə həm şanlı, həm də faciə və uğursuzluqlarla dolu səhifələr kimi daxil olub. Dövlət müstəqilliyinin bərqərar olması, xalqın çoxdan arzuladığı azadlığa qovuşması tariximizin şanlı səhifələrini təşkil etdiyi halda, ölkəmizin erməni təcavüzünə məruz qalması, 20 faiz torpaqlarımızın işğal olunması, minlərlə vətəndaşımızın həlak olması yaşadığımız faciələrdir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, yaşamağa məhkum edildiyimiz qara, təlatümlü günlər yalnız yuxarıda deyilənlərlə məhdudlaşmır. 1992-ci ildə xalq hərəkatı dalğası üzərində hakimiyyətə gələnlərin ölkəyə və xalqa yaşatdırdığı müsibətlər qeyd olunanlardan heç də az tünd rəngdə deyil. İqtisadiyyatın talan edilməsi, iş yerlərinin kütləvi surətdə bağlanması, 1600 faizə çatan hiperinflyasiya, Bakının tükürpədən simasına çevrilmiş çörək növbələri, xaos, anarxiya, siyasi qeyri-müəyyənlik və qeyri-sabitlik insanların yaşamaq ümidlərini bütünlüklə qırmışdı. Şimalda və cənubda baş qaldırıb tüğyan edən separatçılıq dövlətin müstəqilliyi və ölkənin bütövlüyü üçün ciddi təhdidə çevrilmişdi.
Bu günlərdə nə qədər qəribə səslənsə də, təxminən 30 il bundan əvvəl yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanı xilas etmək zərurəti yaranmışdı. Ötən əsrin 70-80-ci illərində sovet Azərbaycanına rəhbrlik etdiyi dövrdə onun sosial, iqtisadi və mədəni inkişafına, əslində isə çoxlarının birmənalı şəkildə qeyd etdiyi kimi, intibahına nail olmuş Heydər Əliyev yeni tarixi şəraitdə xilaskarlıq missiyasını Öz çiyinləri üzərinə götürdü. Qısa vaxtda yuxarıda sadalanan böhranlar, təlatümlər, təhlükələr aradan qaldırıldı. Azərbaycan yenidən canlandı, ölkədə iqtisadi və siyasi islahatlar keçirildi, ən əsası isə, insanlar müstəqilliyin və azadlığın faydalarını görməyə başladılar, xalq isə, sözün həqiqi mənasında, öz taleyinin sahibi oldu. Bu məqamda vurğulamaq vacibdir ki, müasir tariximizə Heydər Əliyevin tarixi qayıdışı kimi daxil olan dövr Azərbaycanın iqtisadiyyatının möhtəşəm inkişafı, insanların rifahının yaxşılaşması, ölkənin simasının inanılmaz dərəcədə müasirləşməsi, dünya miqyasında nüfuzunun yüksəlməsi, ordumuzun qüdrətinin artması və daha nə qədər tarixi möhtəşəm dəyişikliklərin tarixidir.
Məhz bu andan etibarən, 1993-cü ilin 15 iyununda Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan tarixində yeni mərhələ başlandı. İnsanları narahat edən, xalqı vahiməyə salan bütün proseslər dəf edildi, xaos, anarxiya, hakimiyyət böhranı aradan qaldırıldı. O zaman Azərbaycanın parçalanması təhlükəsini yaratmış separatizmin, vətəndaş müharibəsinin qarşısı alındı, erməni təcavüzünün dərinləşməsinə son qoyuldu, cəbhədə atəşkəs razılaşmasına nail olundu. Ən başlıcası isə, ölkəni bürümüş siyasi və iqtisadi tənəzzülə son qoyuldu, hakimiyyət böhranı aradan qaldırıldı. 1994-cü ildə məlum "Əsrin müqaviləsi"nin imzalanması Heydər Əliyev müdrikliyinin və uzaqgörənliyinin ən bariz nümunəsi oldu. Bölgənin enerji mənzərəsini dərindən dəyişdirən bu layihə Azərbaycana böyük iqtisadi və geopolitik dividentlər bəxş etdi.
Bugünki Azərbaycanı, onun böyük potensialını həmin müqaviləsiz təsəvvür etmək mümkün deyil. Beləliklə, Azərbaycanın müstəqilliyi möhkəm və etibarlı bünövrə üzərinə qoyuldu və inkişafa, tərəqqiyə xidmət edən islahatlar reallaşdırıldı. Azərbaycanın iqtisadi çiçəklənməsinə və təhlükəsizliyinə təminat verən böyük neft sazişlərinin imzalanması, iqtisadi, sosial və siyasi islahatlar strategiyasının hazırlanaraq ardıcıl surətdə həyata keçirilməsi ilə yeni, müstəqil Azərbaycan dövləti quruldu, dövlətçiliyin ideologiyası və təməl prinsipləri yaradıldı.
Heydər Əliyev xalqımızın tarixinə müstəqil Azərbaycan dövlətinin qurucusu kimi daxil olmuşdur. Azərbaycançılıq ideologiyasına əsaslanan bu dövlətin təməlində müstəqillik, güclü iqtisadiyyat və azad insan kimi dəyər və prinsiplər dayanır. Müasir tariximizin təlatümlü, ziddiyyətlərlə dolu dövründə Heydər Əliyevin siyasi iradəsi və müdrikliyi sayəsində qurulan müstəqil Azərbaycan dövləti özündə sözün həqiqi mənasında ən müasir dövlətçilik dəyərlərinin və Heydər Əliyev ideyalarının sintezini ehtiva edir. Məhz elə buna görə Azərbaycan Respublikası Heydər Əliyevdən sonra da böyük inkişaf və təkmilləşmə potensialına sahib olduğunu nümayiş etdirir, Azərbaycan xalqının iradəsini və maraqlarını layiqincə təmsil etmək imkanlarını göstərir. Ümummilli lider müstəqil Azərbaycan dövlətini özünün şah əsəri adlandırırdı və bütün xalq onun bu dəyərləndirməsini birmənalı şəkildə qəbul edirdi, bu gün də edir. Bu, xalqımızın Ümummili liderin misilsiz tarixi xidmətlərinə verdiyi qiymətin əyani ifadəsidir.
Müasir Azərbaycanın inkişafında İlham Əliyev mərhələsi
Müasir Azərbaycanın yeni mərhələdə inkişafından söhbət açılanda birmənalı şəkildə vurğulanır ki, onun fundamental əsaslarını Heydər Əliyevin ideyaları təşkil edir. Məhz elə buna görə də, 2003-cü ildən bu günə qədər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu strateji kurs ölkəmizin hərtərəfli inkişafını təmin edib. Bu siyasət nəticəsində Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edib, insanların rifahı əhəmiyyətli dərəcədə yüksəlib, ölkənin hərbi qüdrəti artıb. Azərbaycanın müasirləşməsi, yeniləşməsi baş verib, şəhər və kəndlərin siması kökündən dəyişib. Bu gün Azərbaycan dünyanın ən uğurlu gənc dövləti kimi qəbul olunur, onun parlaq gələcəyinə sonsuz inam ifadə edilir. Ölkəmizin beynəlxalq nüfuzunun artması, mövqeyinin güclənməsi, bir çox beynəlxalq reytinqlərdə ən mötəbər yerlərdə qərar tutması isə insanların qürur mənbəyinə çevrilib.
Son 16 il ərzində Azərbaycan öz iqtisadiyyatını 3,4 dəfə genişləndirməklə dünyada rekord göstəriciyə imza atıb. Ölkədə yaradılan müasir infrastruktur iqtisadi aktivliyin artmasına geniş imkanlar açıb, həmçinin neft gəlirlərindən səmərəli istifadə etməklə postneft dövrünün iqtisadiyyatının qurulması istiqamətində önəmli addımlar atılıb. Eyni zamanda, respublikamız özünün maliyyə imkanlarını, strateji valyuta ehtiyatlarını artırmağa müvəffəq olub.
Bunlarla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və milli maraqlara əsaslanan uğurlu xarici siyasət nəticəsində respublikamızın beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir, ikitərəfli və çoxtərəfli münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Azərbaycanın təşəbbüsü və liderliyi ilə reallaşdırılan regional miqyaslı, qlobal əhəmiyyətli nəhəng transmilli enerji və nəqliyyat layihələri bölgədə və beynəlxalq miqyasda əməkdaşlığa, təhlükəsizliyə xidmət edir, ölkəmizin tərəqqisinə, beynəlxalq əlaqələrinin genişlənməsinə mühüm töhfələr verir. Təsadüfi deyil ki, bu gün Azərbaycan dünya miqyasında etibarlı tərəfdaş, güclü və nüfuzlu dövlət kimi tanınır. Bütün məsələlərdə milli maraqlara əsaslanan prinsipial mövqedən çıxış edən rəsmi Bakı Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində də qətiyyət nümayiş etdirir, hücum diplomatiyasını uğurla davam etdirərək həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır.
Son zamanlar Prezident İlham Əliyevin Aşqabad və Münxendə, eləcə də "Valday" Beynəlxalq Diskussiya Klubunda erməni yalanlarını ifşa edərək tarixi və hüquqi reallıqları qətiyyətlə ifadə etməsi ermənilərin və ermənipərəst qüvvələrin manipulyasiya cəhdlərinin, qarayaxma kampaniyasının iflasa uğradılması baxımından olduqca böyük önəm kəsb edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu strateji diplomatiya siyasətinin nəticəsidir ki, beynəlxalq səviyyədə Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək ifadə olunur, Ermənistanın işğalçı siyasəti pislənilir. Bu kontekstdə son olaraq martın 31-də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda təşkil edilmiş "seçki" şousunun iflasa düçar olması - bir çox ölkənin, regional və beynəlxalq təşkilatların qondarma "seçkilər"i qeyri-qanuni və hüquqazidd adlandıraraq rədd etməsi xüsusi olaraq vurğulanmalıdır.
Xatırlatmaq yerinə düşər ki, bəhs olunan "seçkilər"ə dair Türkiyə, Ukrayna, Gürcüstan, Bosniya və Herseqovina, Moldova, Kanada, Avstraliya, Çex Respublikası, Estoniya, Latviya, Litva, Rumıniya, Bolqarıstan, Finlandiya, Almaniya, İtaliya, Monteneqro, Böyük Britaniya, Belçika, İsveç, Xorvatiya, İran və digər bir sıra ölkələr, eyni zamanda, Türk Şurası, Türk Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Demokratiya və İqtisadi İnkişaf Təşkilatı-GUAM, ATƏT-in Minsk Qrupunun həmsədrləri, ATƏT Parlament Assambleyası, Avropa İttifaqı, NATO tərəfindən müvafiq mövqe bildirildi və verilmiş bəyanatlarda Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda keçirilmiş qondarma "seçkilər"in tanınmadığı vurğulandı, ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyinə birmənalı dəstək ifadə olundu. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən səmərəli xarici siyasət kursunun, o cümlədən uğurlu strateji diplomatiya siyasətinin real nəticələridir.
Şübhəsiz ki, qazanılan uğurlar ən əsas problemimiz olan Dağlıq Qarabağ məsələsinin həlli, torpaqlarımızın işğaldan azad olunması üçün etibarlı zəmin yaradır. Azərbaycanın güclü ordusu, xalqın iradəsi, Prezidentin qətiyyəti torpaqlarımızın işğaldan azad olunmasına inamı artırır. Azərbaycan müharibə tərəfdarı deyil, biz münaqişənin sülh yolu ilə həllinə üstünlük veririk. Lakin ordumuzun qüdrəti, xüsusilə də Aprel döyüşləri zamanı hərbçilərimizin nümayiş etdirdiyi rəşadət və cəsarət nəticəsində düşmənin təxribatının qarşısının layiqincə alınması bir daha təcavüzkar Ermənistana və dünya ictimaiyyətinə göstərdi ki, Azərbaycan öz ərazilərini işğaldan azad etmək gücü və iqtidarındadır!
Bir sözlə, Azərbaycanın XXI əsrdə qazandığı möhtəşəm uğurlar Heydər Əliyev siyasəti və həmin siyasəti bacarıqla həyata keçirən İlham Əliyevin adı ilə bağlıdır. Onun strategiyası və fədakarlığı sayəsində Azərbaycan dünyanın ən uğurlu gənc dövləti imicini qazanıb. Müasirləşmə, yeniləşmə böyük iqtisadi tərəqqi və dövlətin qüdrətinin artması ilə müşayiət olunur. İndi Azərbaycan öz gələcəyinə daha inamla və böyük ümidlərlə baxır.
Ümumiyyətlə, İlham Əliyev bütün dünyada müasir dünyagörüşlü, cəsarətli, uzaqgörən siyasətçi və dövlət başçısı kimi tanınır. Əhalinin Ona bəslədiyi böyük hörmət və etimad dövlətimizin başçısının şəxsiyyətinə və fəaliyyətinə verilən ən böyük qiymətdir. Heç şübhəsiz, İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti vəzifəsində dövlətimizə, ölkəmizə və xalqımıza bundan sonra da xidmət edəcək, Azərbaycanı daha yüksək zirvələrə qaldıracaq.
Genişmiqyaslı islahatlar və Azərbaycanın gələcək inkişaf perspektivləri
Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir, yenilənir, müasirləşir. Son vaxtlar uğurla həyata keçirilən islahatlar ölkəni inkişafın keyfiyyətcə yeni mərhələsinə aparır. İslahatlar bütün sahələri əhatə edir: iqtisadi artım, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, siyasi sistemin inkişafı və sair. Bütün bunlar isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində vətəndaşların rifahı və mənafeyinin dayandığını göstərir.
Bu məqamda xatırlatmaq vacibdir ki, 2019-cu ildə respublikamızda böyük sosial paketin reallaşdırılması nəticəsində sosial islahatlar 4,2 milyon vətəndaşı əhatə edib. Ötən il reallaşdırılan sosial islahatların ən mühüm seqmenti məhz əmək münasibətləri ilə bağlı olub. İl ərzində dövlət başçısının imzaladığı müvafiq sənədlər əsasında reallaşdırılan tədbirlər nəticəsində 1 milyon 350 min insanın əməkhaqqı ciddi şəkildə artıb. Bu artımlar Azərbaycanın minimum əməkhaqqına görə MDB məkanında alıcılıq qabiliyyəti üzrə ikinci yerə yüksəlməsini təmin edib. Respublikamızda cəmi bir il ərzində əməkhaqqı fondunun 42,3 faiz artması böyük uğurdur. Eyni zamanda, median əməkhaqqı cəmi bir il ərzində 52 faiz artıb. İslahatlar çərçivəsində 2019-cu ildə əmək pensiyalarının minimum məbləğinin iki dəfə artırılması da təqdirəlayiq haldır. Əməkhaqqı artımları ilə bağlı, xüsusi şərtlərlə pensiya alan 90 min pensiyaçının da pensiyaları orta hesabla 31 faiz artıb və bu da ümumilikdə ötənilki paketin 750 min insanı əhatə etməsini təmin edib. Bütövlükdə, aparılan islahatlar nəticəsində 2019-cu ildə ölkədə orta pensiya 15 faiz, yaşa görə pensiya 15 faiz, ən həssas kateqoriya olan əlilliyə görə pensiya isə 22 faiz artıb.
Bütün bu reallıqlar, hər şeydən əvvəl, Prezident İlham Əliyevin bəyan etdiyi "siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır" prinsipinin növbəti əyani təcəssümü sayıla bilər. Ümumiyyətlə, insana tükənməz qayğı, onun həyat şəraitinin yaxşılaşdırılması Azərbaycan hakimiyyətinin əsas qayəsini təşkil edir və məhz elə bu səbəbdən də xalqla hakimiyyətin qırılmaz vəhdəti deyilən fenomen meydana çıxmışdır.
Çox mühüm məqamlardan biri budur ki, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar ölkənin inkişaf dinamizmini daha da yüksəldib. Sosial-iqtisadi sahə ilə yanaşı, idarəetmə sahəsində də islahatların aparılması, onun hakimiyyətin hər üç qolunu əhatə etməsi xüsusi əhəmiyyətə malikdir. İcra strukturlarında və məhkəmə-hüquq sistemində islahatların aparılması ilə yanaşı, qanunverici hakimiyyətin də islahatlardan kənarda qalmaması inkişafın və yeniləşmənin ahəngdarlığını təmin edən çox mühüm amildir. Bu islahatların tərkib hissəsi kimi, Azərbaycanda cari ilin fevral ayının 9-da keçirilən parlament seçkiləri ölkəmizdə demokratiyanın yeni bir təzahürü, demokratik inkişaf istiqamətində ölkəmizin daha da irəliyə doğru əhəmiyyətli bir addım atmasının ifadəsidir. Azərbaycanda heç zaman parlament seçkilərində 1300-dən çox namizəd iştirak etməyib. Bu, rekord bir göstəricidir. Bu, bir tərəfdən, Azərbaycanda seçkilərin açıq və şəffaf keçirilməsinə vətəndaşların əvvəlcədən inamının ifadəsi idi, digər bir tərəfdən isə, ölkəmizdə demokratik ənənələrin oturuşmasının çox vacib göstəricilərindən biridir. Seçkilər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildi. Beynəlxalq təşkilatlar Azərbaycanda keçirilən bu seçkilərə böyük maraq göstərdi.
Təsəvvür edin, əhalinin sayına görə Azərbaycan o qədər də böyük ölkə deyil, cəmi 125 dairədə seçkilər keçirilir, 125 deputat mandatı uğrunda mübarizə aparılırdı. Ancaq digər ölkələrlə müqayisədə daha az deputat yerləri uğrunda aparılan mübarizəni izləmək üçün 900-ə yaxın beynəlxalq müşahidəçi gəlmişdi. Bunun özü də beynəlxalq aləmdə Azərbaycana olan marağın bir ifadəsidir. Bütün bunların hamısını ümumiləşdirərək demək olar ki, parlament seçkiləri çoxşaxəli islahatlar strategiyasının mühüm komponenti kimi Azərbaycanın siyasi tarixinin mühüm bir hissəsini təşkil edir, ölkəmizin demokratiya yolunda irəliləyişinin əhəmiyyətli bir təsdiqi kimi özünü büruzə verir. Ən əsası, bu seçkilərdə Yeni Azərbaycan Partiyasının növbəti dəfə qələbə qazanması, hər şeydən əvvəl, seçicilərin Prezident İlham Əliyevə, onun həyata keçirdiyi siyasətə dərin inamının ifadəsi kimi qiymətləndirilməlidir.
Milli Məclisə keçirilən seçkilərin nəticələrinin ortaya qoyduğu digər mühüm həqiqət insanlarımızın Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar və yenidənqurma kursunu dəstəkləməsində ifadə olunur. Ümumiyyətlə, müşahidələrimiz bu fikri söyləməyə əsas verir ki, Azərbaycan cəmiyyəti bütövlükdə İlham Əliyevin həyata keçirdiyi islahatlara ciddi inam ifadə edir və bu islahatlardan böyük gözləntiləri var. İfadə olunan konkret mövqe və yanaşma ondan ibarətdir ki, islahatların aparılması Azərbaycanda inkişafın daha da sürətlənməsinə xidmət edir.
Bu gün dünya ölkələrinin "gözəgörünməz düşmən" adlandırılan yeni növ koronavirus infeksiyası (COVİD-19) ilə mübarizə apardığı şəraitdə Azərbaycan dövləti bu istiqamətdə öz müsbət və mütərəqqi təcrübəsi, nümunəvi modeli ilə diqqəti cəlb edir. Diqqət yetirsək, görərik ki, bir çox inkişaf etmiş, yüksək infrastruktura, texniki və texnoloji təminata malik olan aparıcı ölkələr koronavirus pandemiyası ilə mübarizədə aciz vəziyyətə düşüblər, həm kütləvi insan tələfatları, həm də ciddi sosial-iqtisadi problemlər acı reallığa çevrilib. Azərbaycanda isə Prezident İlham Əliyevin tapşırığına əsasən, zəruri qabaqlayıcı və mübarizə xarakterli tədbirlərin görülməsinə başlanıb. Təxirəsalınmaz tədbirlərin reallaşdırılması üçün Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət qurumlarından ibarət Operativ Qərargah yaradılıb, sosial izolyasiya qaydaları və xüsusi karantin rejimi tətbiq edilib. Bunlarla yanaşı, xəstəliyin müalicəsi üçün zəruri olan Avropa istehsalı olan laborator testlər, tibb avadanlığı və ləvazimatlar, qoruyucu vasitələr Azərbaycana gətirilib, ölkə ərazisində 18 laboratoriyanın fəaliyyəti təmin edilib, paytaxt və regionlarda xüsusi rejimli xəstəxanalar və karantin zonaları yaradılıb.
Dövlətimizin başçısının təşəbbüsü ilə modul tipli yeni xəstəxanaların tikintisinə başlanılıb, mart ayının sonunda istifadəyə verilmiş "Yeni klinika" müasir tibb müəssisəsi koronavirus xəstələrinin müalicəsi üçün ayrılıb. Virusla mübarizə sahəsində ölkədəki tələbatı qarşılamaq məqsədilə qoruyucu maska və digər zəruri tibbi ləvazimatların istehsalına başlanılması, xüsusi rejimli xəstəxanaların müvafiq dərman və qoruyucu vasitələrlə təmin olunmaları da xüsusi əhəmiyyətə malikdir. Bunlarla yanaşı, Prezident İlham Əliyevin müvafiq qərarları əsasında ölkəmizdə pandemiya şəraitində iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək, eləcə də makroiqtisadi və maliyyə vəziyyətimizi sabit saxlamaq üçün 3,5 milyard manat vəsait ayrılıb, müxtəlif istiqamətlərdə dövlət dəstəyi mexanizmlərini özündə ehtiva edən çoxsaylı sənədlər imzalanıb.
Təbii ki, bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayandığını göstərən konkret faktlardır. 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş videokonfrans formatında keçirilən müşavirədə bu məsələlərə toxunan Azərbaycan Prezidenti "Əsas məqsədimiz koronavirusla apardığımız mübarizədə qalib gəlmək, bu vəziyyətdən az itkilərlə çıxmaq, iqtisadiyyata az ziyan vurmaqdır. Çünki biz açıq-aydın başa düşürük ki, bu məhdudlaşdırıcı tədbirlər iqtisadiyyata ziyandır. Burada biz iki amil arasında seçim etməliyik - iqtisadi fəallıq, insanların sağlamlığı. Mənim seçimim birmənalıdır - insanların sağlamlığı. Ona görə bu məhdudlaşdırıcı addımlar atıldı. Biz, əlbəttə, bəri başdan bilirdik ki, bu, iqtisadi fəallığa mənfi təsir göstərə bilər, istər-istəməz müəyyən şayiələrin yayılmasına, iqtisadi sahədə müəyyən narahatlığa gətirib çıxara bilər.
Biz bunu şüurlu şəkildə etdik ki, insanlarımızı, onların həyatını qoruyaq. Çünki bundan daha qiymətli heç nə yoxdur",-deyə vurğuladı. Məhz bu yanaşma bir daha Azərbaycan Prezidentinin Öz vətəndaşlarına xidmət etməsinin, Azərbaycan dövlətinin öz vətəndaşlarını himayə etməsinin çox bariz göstəricisidir. Bir sözlə, Prezident İlham Əliyev hər zaman Öz xalqının, xalq isə öz Prezidentinin yanındadır. Biz hər gün mətbuatda Azərbaycan Prezidentinə ünvanlanan çoxsaylı minnətdarlıq məktublarına rast gəlirik. Məktublarda əks olunmuş fikirlər bir daha onu göstərir ki, qədirbilən Azərbaycan xalqı Prezident İlham Əliyevin sosial siyasətini ürəkdən dəstəkləyir, Onun rəhbərliyi ilə həyata keçirilən tədbirləri yüksək qiymətləndirir. Başqa sözlə, xalq öz Prezidentini milli birliyin və həmrəyliyin simvolu kimi görür.
Deyilənlər bir daha onu göstərir ki, müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında uğurla inkişaf edir. Məhz bu ideyalar və Prezident İlham Əliyevin milli maraqlara əsaslanan səmərəli daxili və xarici siyasət kursu XXI əsrin ən uğurlu dövlətlərindən olan Azərbaycanın möhtəşəm nailiyyətlər qazanaraq yeni zirvələr fəth etməsini şərtləndirir. Tərəqqi yolunda əmin addımlarla irəliləyən Azərbaycanın gələcəyi barədə proqnozlar optimistdir və belə bir yanaşma əminliklə ifadə olunur: Heydər Əliyev siyasətini müvəffəqiyyətlə davam etdirərək rasional və praqmatik strateji kurs həyata keçirən cənab İlham Əliyev qətiyyətli Lider, uzaqgörən siyasətçi və Öz fəaliyyətində dövlətin maraqlarını, xalqın mənafeyini rəhbər tutan Prezident kimi ölkənin sabitlik adası kimi dayanıqlı inkişafına xidmət edən addımlarla Azərbaycanı rifah və tərəqqinin təmin olunduğu xoşbəxt gələcəyə aparır! Qarşıda böyük hədəflər dayanır. Əminliklə söyləmək olar ki, Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli maraqlara əsaslanan uğurlu siyasət növbəti tarixi mərhələdə qüdrətli Azərbaycanı müəyyən olunmuş hədəflərə çatdıran strateji vasitə olacaq!
Əli Əhmədov
Azərbaycan Respublikasının Baş nazirinin müavini,
Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.