Musa Qasımlı: "Heydər Əliyev hakimiyyətə gələndən sonra həmin yanlış qərarı ləğv etdi"

"Cənab Prezidentimiz İlham Əliyevin TASS informasiya agentliyinə verdiyi müsahibəni diqqətlə dinlədim. Həqiqətən də cənab prezidentimizin söylədiyi kimi Azərbaycan xalqı İkinci Dünya müharibəsi illərində anti-hitlerçi koalisiyaya daxil olan ölkələrin xalqları ilə bir cərgədə dünyanın nasist Almaniyası, faşist İtaliyası və miletarist Yaponiyasının təcavüzündən qurtarılmasında müstəsna xidmətlər göstərib". 

Bunu Milli.Az-a Milli Məclisin deputatı Musa Qasımlı deyib. 

"1941-1945-ci illərdə SSRİ-nin tərkibində olan Azərbaycan xalqı faşist Almaniyasına qarşı həm ön cəbhədə, həm arxa cəbhədə, həm Avropa ölklərində anti-faşist müqavimət hərəkatında, həm də Avropa ölklərində partizan hərəkatında müstəsna xidmətlər göstərib. Azərbaycan arxa cəbhədə də müstəsna xidmətlər göstərib. Cəbhəni ərzaqla təmin edib. Azərbaycanlılardan ibarət diviziyalar təşkil edilib, həmin diviziyaların bütün təchizatını Azərbaycan həyata keçirib. Bakı həmin dövrdə silah və sursat istehsal edən mərkəzlərdən biri olub. "Katyuşa" raketləri və bir çox digər silahlar Bakıda istehsal edilib. Bütün bunlarla bərabər II Dünya Müharibəsi illərində Azərbaycanın misilsiz xidməti olub. Bizim respublikamız nəqliyyat-kominikasiya mərkəzi olub. SSRİ qərbdə müharibə apardığından qatarlar və təyyarələr uça bilmirdi. Əvvəllər SSRİ-nin xaricə çıxışı Daşkənd üzərindən aparılırdısa, az sonra daha əlverişli olan Bakı üzərindən həyata keçirilməyə başlandı. O zaman SSRİ-nin beynəlxalq hava xəttində təkcə Bakı-Tehran xətti işləyirdi.

Dövrün görkəmli xadimləri, məsələn, Fransa Müqavimət Hərəkatının rəhbəri Şarl De Qoll Bakıdan gəlib Moskvaya getmişdi. Azərbaycan Opera və Balet teatrında dahi Üzeyir bəyin Koroğlu operasına tamaşa etmişdi. Tərcüməçi ona operanı tərcümə etmək istəyəndə söyləmişdi ki, "Ehtiyac yoxdur. Bu opera haqqında mənim silah yoldaşlarım olan azərbaycanlılar söyləyiblər. Sonralar V respublikanın rəhbəri olarkən 1960-cı illərin sonunda SSRİ-yə səfər edən Şarl De Qolldan sovet lideri Brejnyev SSRİ haqqında təəssüratlarını soruşanda, o, Azərbaycanı, Bakını xatırlamışdı. Müharibə illərində təqribən 600 mindən çox azərbaycanlı səfərbərliyə çağırılıb. Bu barədə o illərdə Azərbaycan SSRİ-nin hərbi komissarı mayor Əliyevin Azərbaycan Kommunist Balşevik partisyası mərkəzi komitəsinə göndərdiyi məxfi arayışda yazılıb: Azərbaycan dövlət müstəqlliyini bərpa etdikdən bir neçə il sonra AXC-Müsavat hakimiyyəti illərində müharibədə qələbənin bayram edilməsi ləğv edildi. Bu yanaşma tamamilə yanlış idi. Çünki söhbət indi Almaniya üzərində qələbədən getmirdi. Söhbət Hitler Almaniyası, nasist-faşist Almaniyası və III Reyx üzərində qələbədən gedirdi. Azərbaycan xalqı III Reyxin üzərində qələbə qazanılmasında müstəsna rol oynamışdı və hətta 416-cı "Taqanroq" diviziyası Berlində 1945-ci ilin iyun ayında paraddan keçmişdi" - millət vəkili qeyd edib.

Musa Qasımlı Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gələndən sonra 9 May Gününün bayram təqvimində bərpa olunmasını və bu ənənənin davam etdirilməsini mühüm tarixi hadisə adlandırıb:

"1993-cü ilin iyununda Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra həmin yanlış qərarı ləğv etdi. 9 May günü faşizm üzərində qələbə günü kimi qeyd edilməyə başladı. Məlum olduğu kimi Mayın 8-də Avropada müharibə qurtarmışdı. Mayın 9-u "Qələbə günü" elan edilmişdi.

Hər il Mayın 9-da Cənab Prezidentimiz İlham Əliyev Şəhidlər Xiyabanında uyuyan Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun məzarını və abidəsini ziyarət edərək əklil qoyur. Bu, həm bizim tarixi keçmişimizə hörmət və ehtiramın nümunəsidir, həm də bizim qəhrəmanlıq tariximizdən ibrət alıb təcavüzkar Ermənistan üzərində qələbə qazanmaqda gənclərdə vətənpərvərlik hissinin yüksəldilməsində mühüm rol oynayır. Bu tarix bizim ümumi tariximizin bir hissəsidir, hörmət və ehtiramla anılır. Bundan əlavə, ölkəmizdə müharibə veteranlarına xüsusi diqqət və qayğı var. Onların özlərinə, həyatdan köçmüşlərin yaşayan həyat yoldaşlarına, övladlarına dövlətimiz xüsusi qayğı göstərir. Hesab edirəm ki, bu addımların millətimizin vətənpərvərlik ruhunda böyüdülməsində böyük əhəmiyyəti var. Bizdən fərqli olaraq Ermənistanda neonasizm dövlət siyasəti səviyyəsinə qaldırılıb. Məsələn, Bolqarıstanda o illərdə yaşayan və "III Reyx" kəşfiyyatı ilə əlaqə yaradan Qaregin Njdeyə Ermənistanda abidə qoyulub və adına küçə verilib. Bu bir daha göstərir ki, Ermənistanda terror, neonasizm, irqçilik dövlət siyasəti səviyyəsnə qaldırılıb. Qaregin Njde 1918-1920-ci illərdə təkcə türkləri qırmaqla kifayətlənməyib. II Dünya Müharibəsi illərində onun əsas hədəfi ruslar, ukraynalılar, belaruslar, yəhudilər və gürcülər də olub. Ona görə hesab edirəm ki, Ermənistanda neonasizmin təbliği kəskin şəkildə pislənilməlidir. Necə ki, cənab prezidentimiz Aşqabadda Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan ölkələrin dövlət başçılarının zirvə görüşündə Paşinyanı rəzil bir duruma saldı".