Rob Sobhani: Beynəlxalq münasibətlərin aparıcı nümayəndələri qlobal geosiyasəti dərindən bildiyi üçün Heydər Əliyevə heyranlıq duyurdu
Azərbaycanın ümummilli lideri Heydər Əliyev unikal siyasi fiqur, sözün hər mənasında lider olub.
Bunu Trend-ə amerikalı ekspert, "Caspian Group Holdings"in baş direktoru Rob Sobhani deyib.
O, Heydər Əliyevin "Əsrin müqaviləsi"nin imzalanmasında rolunu xüsusi vurğulayıb:
"Əsrin müqaviləsi"nin imzalanmasını təmin etməklə Heydər Əliyev müdriklik, cəsarət nümayiş etdirib. Azərbaycanın həyatında bu əlamətdar hadisə Heydər Əliyevin rəhbərliyi olmadan mümkün olmazdı. "Əsrin müqaviləsi" sayəsində Azərbaycanın dünyanın vacib ölkələri sırasına daxil oldu. Beləliklə, Heydər Əliyev Azərbaycanın beynəlxalq ictimaiyyətin məsuliyyətli və etibarlı üzvünə çevrilməsinin əsasını qoydu. Bundan başqa, "Əsrin müqaviləsi"nin imzalanmasını təmin etməklə Heydər Əliyev Azərbaycan xalqına ümidlə və rifahla yaşamağa imkan yaratdı. Heydər Əliyev unikal siyasi fiqur, sözün hər mənasında lider idi".
Onun sözlərinə görə, əminliklə demək olar ki, Heydər Əliyev "Əsrin müqaviləsi"nin imzalanmasında müdriklik göstərməklə Azərbaycan xalqını Sovet İttifaqının dağılmasından sonrakı qaranlıq günlərdən, parlaq gələcəyə çıxara bildi:
"Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev bu irsi inkişaf etdirdi və "Əsrin müqaviləsi"ni Azərbaycanın müasir, tolerant və dinamik inkişaf edən ölkəyə çevirmək gücündə olan mühərrikə çevirib".
R.Sobhani qeyd edib ki, o, Heydər Əliyevlə dəfələrlə görüşmək şərəfinə nail olub:
"Bu görüşlər zamanı mənə tam aydın olmuşdu ki, onun bir nömrəli prioriteti hər zaman Azərbaycanın müstəqilliyi olub. Heydər Əliyev Azərbaycan xalqının müstəqillik uğrunda verdiyi qurbanları çox gözəl bilirdi".
Ekspert vurğulayıb ki, ABŞ prezidentləri Bill Klinton və Corc Herbert Uoker Buş Heydər Əliyevə böyük hörmət bəsləyirdilər:
"Zbiqnev Bjezinski kimi beynəlxalq münasibətlərin aparıcı nümayəndələri qlobal geosiyasəti dərindən bildiyi üçün Heydər Əliyevə heyranlıq duyurdu".
Ekspert əlavə edib ki, Azərbaycanın narahat regionda yerləşməsinə baxmayaraq, Heydər Əliyev hər zaman Azərbaycanın xarici siyasətini balanslaşdıra və bütün ölkələrlə qarşılıqlı səmərəli münasibətlər yarada bilib.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.