PAŞA Holding Xilmili kəndində futbol və basketbol meydançasının tikintisini maliyyələşdirib

PAŞA Holding-in dəstəyi ilə Qobustan rayonunun Xilmili kəndində futbol və basketbol meydançası tikilib. Holdinqin bu tədbiri həyata keçirməkdə əsas məqsədi ölkənin müxtəlif bölgələrində müvafiq idman şəraitinin yaradılmasını dəstəkləmək, həmçinin yaranmış vəziyyətdə ölkənin idman və səhiyyə istiqamətlərinin inkişafına töhfə verməkdir.

Trendin məlumatına görə, sözügedən idman meydançasının açılış mərasimində Qobustan rayonunun icra başçısı Adil Məmmədov iştirak edib. PAŞA Holding-in Baş İcraçı Direktoru Cəlal Qasımovun dediyinə görə, "İdman daim həm PAŞA Holding-in, həm də Qrupumuza daxil olan digər şirkətlərin Korporativ Sosial Məsuliyyət siyasətinin əsas istiqamətlərindən biri olub".

Xatırladaq ki, COVİD-19 pandemiyası dövründə PAŞA Holding tərəfindən koronavirusla mübarizə üçün laboratoriyanın yaradılması, Heydər Əliyev Fondu və Regional İnkişaf İctimai Birliyi tərəfindən həyata keçirilən "Biz birlikdə güclüyük" layihəsinə dəstəyin göstərilməsi və Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi ilə birgə fermerlərə mikrokreditlərin təqdim edilməsi kimi sosial məsuliyyət yönümlü fəaliyyətlər də həyata keçirilib.