ADU-da ulu öndər Heydər Əliyevə həsr olunan virtual konfrans keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə "Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası" mövzusunda III beynəlxalq elmi konfransın keçirilməsi planlaşdırılmışdı. Lakin mövcud pandemiya şəraitində bu konfransın əyani şəkildə keçirilməsi mümkün olmadığından universitet rəhbərliyi, müəllimlər və tələbələrin iştirakı ilə müxtəlif mövzularda onlayn müzakirələr və seminarlar keçirilib.

Trend-ə ADU-dan verilən məlumata görə, konfransın ideya müəllifi rektor Kamal Abdulla bu formatın da həm tələbələr, həm də konfransın digər iştirakçıları üçün faydalı olduğunu bildirib. O qeyd edib ki, hər il belə bir konfransın keçirilməsinin məqsədi ümummilli lider Heydər Əliyevin Azərbaycan multikulturalizmi sahəsində gördüyü işləri təbliğ etməkdir. Ulu Öndərin anadan olmasının 95 illiyi münasibətilə təşkil olunan eyniadlı birinci konfrans dünyanın 11 ölkəsinin 14 universitetində, 2019-cu ildə eyniadlı II konfrans isə respublikamızın 10-a yaxın rayon və şəhərində, məcburi köçkün məktəblərində keçirilib. Belə ki, konfransların açılış və bağlanışı ADU-da, bölmə iclasları isə müxtəlif ölkələrin universitetlərində və bölgələrimizdə yerləşən Heydər Əliyev mərkəzlərində təşkil edilib.

Bu il virtual keçirilən konfransda iştirakçılar öz tezislərini səsləndiriblər. Konfransın elektron poçtuna göndərilən məqalə və tezislərin çap edilməsi də nəzərdə tutulur. Tədbirin müxtəlif virtual seksiyalarında tələbələr Azərbaycandakı multikultural və tolerant mühit, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri, müxtəlif ölkələrlə çoxtərəfli əməkdaşlıq və sair mövzularda tezislərlə çıxış ediblər.

 

Konfransın bu formatda təşkil olunmasında, universitetin beynəlxalq mərkəzlərinin bu işə cəlb edilməsində Beynəlxalq əlaqələr şöbəsi xüsusi fəallıq göstərib. Müxtəlif dil və mədəniyyətləri öyrənən ADU-nun tələbələri Aytac Süleymanova, Fəridə Mənsimova, Nilufər Məmmədrzayeva, Heydər Səfərov, Sürəyya Ələkbərova, Şəhanə Mirzəyeva, Samirə Əzizova, Aytac Hüseynəliyeva, Zərifə Əliyeva, Güllü Səfərova, Gülşən Atakişiyeva, Lalə Qazıyeva öz çıxışlarını italyan, ispan, fransız, ingilis, rus, alman, ibri və başqa dillərdə təqdim ediblər.

Virtual konfranslar "Heydər Əliyev və müasir Azərbaycan", "Heydər Əliyevin azərbaycançılıq ideologiyası və multikulturalizm", "Qloballaşan dünyada dinlərin və mədəniyyətlərin dialoqu", "Müasir beynəlxalq münasibətlər və multikulturalizm" və "Multikultural dəyərlərin formalaşmasında təhsilin rolu" bölmələri ilə işini davam etdirəcək.