"Hər an koronavirusun ikinci dalğası başlaya bilər" - Professordan AÇIQLAMA
"Karantin şərtlərinə bu cür etinasız davranış şərtləri arzuolunmaz nəticələrə gətirib çıxara bilər".
Day.Az xəbər verir ki, bu barədə professor Adil Qeybulla bildirib.
Professor bildirib ki, karantin qadağalarının bir qismi dəyişdirilsə də, buna düzgün əməl olunmur:
"Bu gün sanki ölkədə heç bir problem olmayıb. Pandemiyanın başlanğıcında olduğu kimi, aprelin 20-dən sonrakı yeni situasiyada da insanların davranış qaydaları ilə bağlı heç bir izahat işi aparılmadı və aparılmır. İnsanların çoxu küçəyə axışmağa başlayıb, sosial məsafə gözləmədən, maskasız gəzişirlər. Bəs karantin şərtləri necə olacaq? Açılan ticarət obyektlərində bu şərtlərə əməl ediləcəkmi? Ticarət obyektlərinə giriş limiti, orada sosial izolyasiya və dezinfeksiya tədbirlərinə necə əməl olunacaq?...
Karantin şərtlərinə bu cür etinasız davranış şərtləri arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Dünya Səhiyyə Təşkilatının buradakı nümayəndələri konfrans keçirib mədhiyyələr söyləməkdənsə öz işləri ilə məşğul olsalar, daha faydalı olmazmı?
Məlumdur ki, respirator infeksiyalar bir qayda olaraq kollektiv immunitetin yaranması ilə yoxa çıxır. COVID-19-a qarşı ölkəmizdə kolllektiv immunitet yaranmayıb. Hər an inkeksiyanın ikinci dalğası, reinfeksiya başlaya bilər. Bu isə daha ağır nəticələr gətirə bilər. Azərbaycan hökuməti məsələyə təcili reaksiya verib qəti tədbirlər görməlidir. Əhali arasında izahat işi gücləndirilməlidir".
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.