Dünənki qəzanın detalları

Dünən Kürdəmirdə baş verən dəhşətli yol qəzasında həyatını itirən 6 nəfərdən 3-ü bacı olub. 

Day.Az "Qafqazinfo" -ya istinadən xəbər verir ki, aparılmış ilkin araşdırma zamanı müəyyən olunub ki, rayonun Muradxan kənd sakini, 1983-cü il təvəllüdlü Piriyev Ceyhun Sabir oğlunun idarə etdiyi "Nissan X-Trail" markalı 99-SZ-895 dövlət qeydiyyat nişanlı minik avtomobili əks istiqamətdə hərəkətdə olan Rusiya vətəndaşı, hazırda Bakı şəhərində müvəqqəti yaşayan 1966-cı il təvəllüdlü Kərimov Abas Kərim oğlunun idarə etdiyi "Mercedes C200" markalı 90-GV-188 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində "Mercedes C200" markalı 90-GV-188 dövlət qeydiyyat nişanlı minik avtomobilində sərnişin olan 2008-ci il təvəllüdlü Qorxmaz Kərimov, Ucar rayonu Bərgüşad kənd sakini 1972-ci il təvəllüdlü Kərimova Mehbarə Kərim qızı, İmişli rayonu Ağamalılar kənd sakini 1974-cü il təvəllüdlü Kərimova Aygün Kərim qızı və 2015-ci il təvəllüdlü Həsənova Aylin Natiq qızı aldığı xəsarətlərdən həyatını itirib. 

"Nissan X-Trail" markalı avtomobilin sürücüsü Ceyhun Piriyev, həmin avtomobilin sərnişinləri 1986-cı il təvəllüdlü Piriyeva Şəfa Vaqif qızı, 2009-cu il təvəllüdlü Piriyev Kənan Ceyhun oğlu, 2017-ci il təvəllüdlü Piriyev Sabir Ceyhun oğlu, "Mercedes C200" markalı avtomobilin sürücüsü Kərimov Abas Kərim oğlu, avtomobilin sərnişinləri 1981-ci il təvəllüdlü Kərimova Reyhan Kərim qızı və 2011-ci il təvəllüdlü Hətəmova Arzu İsrayıl qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

"Nissan" markalı avtomobilin sürücüsü Ceyhun Piriyevin 3 yaşlı oğlu Sabir Piriyev və 9 yaşlı Hətəmova Arzu İsrayıl xəstəxanaya aparılan zaman vəfat edib.

Qəza səhər saat 11 radələrində Kürdəmir-İmişli yolunun 44-cü kilometrində yaşanıb. Faktla bağlı Kürdəmir rayon polis şöbəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Xatırladaq ki, qəzada vəfat edən və yaralanan şəxslər elə İmişli rayonundakı qəzada ölən "Qazel"in sürücüsü 1961-ci il təvəllüdlü Kərimov Camal Kərim oğlunun dəfninə gedirmişlər. Bir gün öncəki qəzada ölən Camal Kərimov da elə ölən 3 bacının qardaşı olub.