Azərbaycanda 2 vergi məmuru rüşvətə görə tutuldu
Ölkəmizdə əhalinin sosial rifahına kölgə salan korrupsiya və rüşvətxorluq kimi mənfi amillərə, o cümlədən müxtəlif sahələrdə korrupsiya hüquqpozmalarına və onları törətmiş vəzifəli şəxslərə qarşı mübarizə istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli siyasi iradəsinə müvafiq olaraq kompleks, sistemli və ardıcıl tədbirlər davam etdirilməkdədir.
Baş Prokurorluğun və İqtisadiyyat Nazirliyinin mətbuat xidmətlərinin Day.Az-a daxil olan birgə məlumatında bildirilir ki, dövlətimizin başçısı tərəfindən bu istiqamətdə qarşıya qoyulmuş vəzifələrin icra edilməsi məqsədilə şəxsi maraqlarını güdməklə dövlət məmurunun peşəkar davranış qaydalarına və etik normalara riayət etməyən, korrupsiya cinayətləri törətmiş vəzifəli şəxslərin qanun qarşısında ifşa və məsuliyyətə cəlb edilməsi istiqamətində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən ardıcıl və təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Özlərini Vergilər Nazirliyinin əməkdaşları kimi təqdim edən şəxslərin qanunsuz əməlləri barədə daxil olmuş məlumatlar əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri aparılıb.
Araşdırma zamanı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin əməkdaşları Azər Allahverdiyevin və Cahid Tahirovun qabaqcadan əlbir olaraq vətəndaşa məxsus çörək sexinə gələrək cari il ərzində vergi yoxlamalarının keçirilməməsi müqabilində 6000 manat məbləğində pul tələb etdiyi müəyyən olunub.
Xüsusi texniki vasitələrdən istifadə edilməklə aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hər iki vəzifəli şəxs həmin məbləğin bir qismini mayın 4-də rüşvət kimi alarkən cinayət başında yaxalanıblar.
Faktla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3-cü (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.
Həmin cinayət əməlinin A.Allahverdiyev və C.Tahirov tərəfindən törədilməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən onlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.
Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılması üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.