TƏBİB: Otellərdə koronavirusa yoluxma şübhəsi olan xəstə aşkarlanarsa, dərhal kontaktlar müəyyənləşdirilməlidir
Otellərdə və turizm müəssisələrində qonaq və ya heyətdə kəskin respirator infeksiyanın simptomları inkişaf edirsə, xəstənin müəssisənin bütün qonaqları və işçiləri ilə təmasını minimuma endirmək üçün səy göstərilməlidir.
Xəstə insanla digər şəxslər arasında ən azı 2 metr məsafə olmalıdır. O, eyni mühiti başqa bir insan ilə bölüşmək məcburiyyətində qaldıqda tibbi maska taxmalıdır. Ailə üzvlərinin yoluxma riskinin qarşısını almaq üçün, monitorinqi oteldə aparılan şəxslər, mümkünsə, digərlərindən ayrı otaqda qalmalı, mümkün olmadıqda isə yaxşı havalandırılan otaqda, başqalarından ən azı 2 metr məsafəni saxlamalı və tibbi maska taxmalıdırlar. Maska nəm olduqda yenisi ilə əvəzlənməlidir. Xüsusilə, yaşı 65-dən yuxarı və ya ağır gedişli COVID-19-a səbəb ola biləcək risk faktoru olan şəxslərlə, mümkünsə eyni otaqda olmamalı və ya təmas riski minimuma endirilməlidir. Əgər varsa, xəstə ayrı bir tualet və hamam otağından istifadə etməlidir. Ümumi tualet və hamam otağından istifadə edilərsə, həmin otaqların havalandırılması yaxşı aparılmalıdır. Hamam otağı və tualetləri gün ərzində ən azı bir dəfə durulaşdırılmış ağardıcı ilə təmizləmək lazımdır (1:100 normal durulaşdırma) (natrium hipoxlorid).
Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu məlumatlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) turizm və otelçilik sektorunda koronavirus (COVID-19) infeksiyasının idarə olunmasına dair hazırladığı metodiki göstərişlərdə əks olunub.
Metodiki göstərişlərdə qeyd olunub ki, xəstə şəxsi əşyalarını başqaları ilə bölüşməməli və ya ailə üzvləri ilə stəkan, boşqab və dəsmal kimi əşyalarından ortaq istifadə etməməlidir. İstifadə etməli olduqda isə həmin əşyalar sabun və su ilə yuyulmalıdır. Otağı təmizləyən personal fərdi qoruyucu vasitələrdən istifadə etməlidir. Tullantıların idarə edilməsi qaydalarına ciddi riayət olunmalıdır.
Həmçinin bildirilib: "Müəssisədə xəstə aşkar edildikdən dərhal sonra kontaktların müəyyənləşdirilməsinə başlanılmalıdır. Bu barədə ərazi Gigiyena və Epidemiologiya Mərkəzinə xəbər verilməlidir.
Kontakt şəxslərə kim aid edilir:
• Qonağın otaq yoldaşı;
• COVID-19-a şübhəli şəxsə qayğı göstərən şəxs;
• COVID-19-a şübhəli şəxs ilə hər hansı bir fərdi qoruyucu vasitələrdən istifadə etmədən kontaktda olan şəxs".
Metodiki göstərişlərdə təchizat üzrə podratçıların da COVID-19-a qarşı profilaktik tədbirlər qaydalarına riayət etməli olduqları vurğulanıb.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.