Nizami Gəncəvi Beynəlxalq Mərkəzi COVİD-19 ilə mubarizədə Bolqarıstana dəstək gostərib - FOTO
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü və təşkilatçılığı və Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyinin dəstəyi ilə Bolqarıstana 1000 ədəd cərrah maskası, 100 ədəd FFP2 maskası göndərilib, əlavə olaraq 50 ədəd test və 50 ədəd qoruyucu qeyim ilə Bolqarıstan tərəfinin təmin edilməsi nəzərdə tutulur.
Azərbaycanın Bolqarıstandakı Səfirliyindən Trend-ə verilən məlumata görə, Mərkəzin bu ianələri haqqında məlumat Bolqarıstanın aparıcı KİV-lərində işıqlandırılıb. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri doktor İsmayıl Serageldin Bolqarıstanin "24 Часа" qəzetinə verdiyi müsahibədə Bolqarıstana göstərilən bu dəstəyin dünyada COVİD-19 pandemiyasının yayıldığı çətin bir dövrdə tərəfdaşlar arasında həmrəyliyin gücləndirilməsinə töhfə verdiyini bəyan edib. O, bütün səylərin birləşəcəyi təqdirdə pandemiyanin yaratdığı böhranın nəticələrinin ən tez və effektiv şəkildə aradan qaldırıla biləcəyini söyləyib. Bu istiqamətdə müsbət nəticələrin əldə edilməsi üçün Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən bütün maraqlı tərəfdaşlarla işin davam etdiriləcəyi bəyan edilib.
Qeyd olunmalıdır ki, 2012-ci ildə təsis edilmiş və gərargahı Bakıda yerləşən Nizami Gəncəvi Beynəlxalq Mərkəzində Bolqarıstanın 3 sabiq prezidenti iştirak edir: Rosen Plevneliyev və Petar Stoyanov Mərkəzin idarə heyətinin üzvləri, Qeorgi Pırvanov isə Mərkəzin üzvü qismində. Mərkəz tərəfindən Azərbaycan Respublikasının Prezidentinin himayəsi altında Bolqarıstan da daxil olmaqla dünya ölkələri liderlərin iştirakı ilə 7 dəfə Qlobal Bakı Forumu keçirilib.
Ümumiyyətlə, Mərkəzin yaranmasından keçmiş dövr ərzində təşkil edilən tədbirlərdə 87 ölkədən 5000-dən çox yüksək səviyyəli nümayəndə iştirak edib. 2019-cu ildə Bakıda baş tutmuş 7-ci Qlobal Bakı Forumunda Bolqarıstanı Baş nazir Boyko Borisov təmsil etmişdir. 2015-ci ildə Mərkəzin Yüksək Səviyyəli görüşü Sofiyada baş tutub.
COVİD-19 pandemiyası ilə mübarizəyə dəstək olaraq Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən Fransa, İtaliya, Yunanıstan, ABŞ və Çin kimi tərəfdaş ölkələrə 180 mindən çox maska, 26 min əlcək, 8 min FFP2 maskası, 2400 test, 600 qorunma qeyimi və digər tibbi ləvazimat göndərilib.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.