TƏBİB sədri: Rusiyadan gələn həmvətənlərimiz arasında koronavirus aşkarlanıb
Rusiyadan yeni gələn həmvətənlərimiz arasında koronavirusa yoluxma faktı aşkarlanıb.
Day.Az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, ötən həftə ərzində Türkiyədən, Rusiyadan həmvətənlərimiz xüsusi reyslərlə ölkəmizə gətirilib. Onlar müvafiq hotellərdə yerləşdirilib və müayinələr aparılıb.
R.Bayramlı qeyd edib ki, Bakıda ümumi yoluxmaların böyük əksəriyyəti Nəsimi rayonunun payına düşür.
Yoluxma hallarının 19,8 faizi Yasamal rayonundadır.
Birlik sədri əlavə edib ki, yoluxanların 22 faizi 50-59, 18 faizi 30-39 yaşlıdır. Vəfat edənlərin 43 faizi 60-69 yaşlı insanlardır. Vəfat edənlər arasında 1 nəfər 40-49 yaş qrupuna aiddir. Həmin şəxsdə uzun müddət davam edən xroniki xəstəlik də olub.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.