Bakıda daha bir Qran-pri təxirə salındı

May ayında Bakıda keçirilməsi planlaşdırılan paracüdo üzrə "İBSA Judo Grand Prix Baku 2020" təxirə salınıb.

Milli Paralimpiya Komitəsindən Trend-ə verilən məlumata görə, qurum Nazirlər Kabinetinin yanında Operativ Qərargahın koronavirusun Azərbaycanda geniş yayılmasının qarşısının alınmasına dair tövsiyələrə əsasən, Qran-prinin 2021-ci ildə keçirilməsi ilə bağlı "International Blind Sports Federation" (IBSA) ilə razılıq əldə olunub.

Anlaşmaya əsasən, turnir 2021-ci ilin mayında olacaq və Tokio 2020 Yay Paralimpiya Oyunları öncəsi sonuncu kvalifikasiya yarışı olacaq.

IBSA həmçinin bu ilin noyabr ayında Bakıda Dünya Kubokunun və beynəlxalq təlim-məşq toplantısının keçirilməsi ilə bağlı komitəyə müraciət edib. Bununla bağlı MPK-də iclas keçiriləcək və yarışın keçirilməsi ilə bağlı müzakirələr aparılacaqdır.

IBSA Azərbaycan Milli Paralimpiya Komitəsinin "IBSA JUDO GRAND PRIX BAKU 2020" yarışına olan hazırlıqlarını yüksək qiymətləndirib və Komitənin hazırlıq dövründə maliyyə itkiləri ilə üzləşdiyi üçün təəssüf hissini bildirib.

Milli Paralimpiya Komitəsi isə öz növbəsində idmançıların və onları müşayiət edən şəxslərin sağlamlıqlarını və təhlükəsizliyini maliyyə itkilərindən daha üstün tutduğunu bildirib.