Zabit Səmədov: “Sərhədlər bağlandığı üçün Belarusda qalmışam”
"Hazırda Minskdəyəm. Bildiyiniz kimi, əvvəl burada yaşamışam. Döyüşüm üçün Tailandda hazırlıq keçdim. Ay yarım orada məşq keçdikdən sonra Belarusa gəldim. Hazırda belaruslu məşqçimlə birgə burada məşq keçirəm".
Day.Az xəbər verir ki, bunu Oxu.Az-a Azərbaycanın tanınmış kikboksçusu Zabit Səmədov deyib.
35 yaşlı idmançımız Azərbaycanla sərhədlər bağlandığı üçün məşqlərini Minskdə keçirdiyini bildirib:
"Koronavirusa görə Azərbaycan hökuməti haqlı olaraq sərhədləri bağladı. Ona görə də Azərbaycana gedə bilmədim, Belarusda qaldım. Burada məşq edə bilirəm, idman zalları açıqdır".
O, aprelin 11-də Almaniyanın "Mix Fight Championship" promouşn şirkəti tərəfindən Bakıda Heydər Əliyev İdman Arenasında keçirilməsi planlaşdırılmış döyüşünün təxirə salınması barədə də danışıb:
"İki gün sonra ingilisCorc Svini ilə döyüşməli idim. Amma martın 11-də koronavirusa görə bu yarışın təxirə salınmasına dair qərar elan edildi. Nə vaxt vəziyyət düzələcəksə, onda da döyüşün yeni tarixini müəyyənləşdirəcəyik.
Bu döyüşü başqa ölkədə keçirmək fikrim yoxdur. İstəyirəm ki, karyeramın son döyüşü vətənimdə - Bakıda olsun. Sağ olsun, dövlət rəhbərliyi də bu qərarımı dəstəkləyir. Mən də 7-10 günə Azərbaycana qayıtmağı planlaşdırıram".
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.