"Xəmir"i boksla yoğrulan gənc - Portret - FOTO
O, hansı planını olimpiadadan sonraya saxlayıb?
Day.Az kaspi.az-a istinadən yazını təqdim edir.
Koronavirus pandemiyasından ən çox zərər çəkən fəaliyyət sahələrindən biri idmandır. Başqa sözlə, idman aləmi hazırda tam iflic vəziyyətindədir. Futbol üzrə Avropa çempionatı və Yay Olimpiya Oyunları kimi nəhəng yarışlar gələn ilin anoloji dövrünədək təxirə salındı, yarımçıq dayandırılan turnirlərin taleyi və ya bərpa vaxtı qeyri-müəyyən olaraq qalır. Habelə, boks üzrə Avropa Olimpiya Təsnifat Turnirinin konkret hansı tarixdə bərpa ediləcəyi məlum deyil. Londonda start götürən, ötən ayın 14-24-ü aralığında keçirilməsi planlaşdırılan turnir, infeksiya təhlükəsi səbəbindən üçüncü yarış günündən sonra yarımçıq saxlanıldı. Bunadək isə artıq yığmamızın bir üzvü lisenziyanı rəsmiləşdirmişdi. 57 kiloqram çəki dərəcəsində "səkkizlik"dəki yerini təmin edən Tayfur Əliyev, növbəti il qaldığı yerdən davam etməsi nəzərdə tutulan turnirin sonrakı görüşlərinin nəticəsindən asılı olmayaraq, "Tokio 2020"-dəki yerimizi təmin edib.
Tayfur çox gənc olsa da, yetərincə təcrübə toplamış, Azərbaycan boks ictimaiyyəti üçün kifayət qədər tanış simadır. O, hələ 5 il əvvəl, 18 yaşında olarkən, Bakıda təşkil edilən I Avropa Oyunlarında millimizin şərəfini qoruyaraq, tarixi yarışın bürünc medalını qazanmışdı. Halbuki, nə yarışöncəsi, nə də sonrası, bu, birmənalı qarşılanmamış, geniş fikir ayrılıqlarına səbəb olmuşdu. Bu haqda daha ətraflı bir qədər sonra.
Qundaqdan boksçu: "Atam deyirmiş ki..."
Əliyev Tayfur Nəriman oğlu 1997-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Aralıq kəndində dünyaya göz açıb. Boksla 5 yaşından, "Dinamo" idman cəmiyyətinin sıralarında, Naxçıvanın tanınmış mütəxəssisi Cavanşir Salayevin yanında məşğul olmağa başlayan Tayfur haqqında "qundaqdan boksçu" desək, yanılmarıq. Belə ki, hələ çox gənc ikən qısa müddət boks məşqlərinə qatılan atası, sonradan öz idman növünün qatı azarkeşinə çevrilib. Tayfurun dediyinə görə, atası, gələcəkdə kim olacağını hələ o dünyaya gəlməmiş özü üçün müəyyənləşdirib: "Atam deyirmiş ki, oğlum olsa, mütləq boksa yazdıracağam. Gözümü açandan evdə boks söhbətləri eşitmişəm, davamlı döyüş disklərinə, davalı filmlərə baxmışam. Necə deyərlər, xəmirim boksla yoğrulub".
Beləcə, oğlanlarına lap erkən yaşlarından boks sevgisi aşılayan Nəriman Əliyev, məqsədinə çataraq hər iki övladının həyatını rinqə bağlamağa nail olub. Haşiyə çıxaraq qeyd edək ki, yazının qəhrəmanının qardaşı Sərxan da boks aləmində tanınan simadır. İndiyədək dörd dəfə böyüklər arasında Azərbaycan çempionatının finalına çıxan kiçik Əliyev, son ölkə çempionudur.
Güzəştə getmədiyi zirvə
İdmandakı ilk addımlarında bir neçə növdə özünü sınayan Tayfur, boksla yanaşı, kikboksinqdə də müəyyən nəticələrə sahibdir. Naxçıvanda yaşadığı müddətdə dəfələrlə Muxtar Respublika çempionu olubsa, iki dəfə də yeniyetmələr arasında ölkə birinciliyinin qalibi adını qazanıb. Habelə, Avropa birinciliklərinə qatılıb. 11 yaşında həm boks, həm də kikboksinqdə Naxçıvan birinciliyinin qızıl medalını boynundan asan Əliyev, boks üzrə 2 dəfə yeniyetmələrdə, eyni sayda da gənclər arasında respublika çempionu, o cümlədən, məktəblilərin ölkə yarışının ikiqat qalibidir. Yeniyetmə yaş qrupunda Avropa çempionu, gənclər arasında qitə finalçısı, İslamiadanın bürünc mükafatçısı, eyni zamanda."Böyük İpək Yolu" beynəlxalq turnirinin dördqat qalibinin karyerasında ən böyük uğur, sözsüz ki, ilk Avropa Oyunlarının mükafatıdır. Bunadək kişilər arasında respublika birinciliyində ilk çempionluğunu qeyd edən Tayfur, sonrakı dörd yarışda titulunu özündə saxlayıb. Bir sözlə, London qəhrəmanımız öz çəki dərəcəsində, qeyd-şərtsiz ölkənin ən yaxşısıdır.
"Elə güclü "day-day"ım varsa..."
Yuxarıda vurğuladığımız kimi, Əliyevin I Avropa Oyunlarında iştirakı böyük sürpriz kimi qarşılanmışdı. Çünki onun çəkisində daha təcrübəli, dünya çempionu Cavid Çələbiyev yer alırdı. 18 yaşını yenicə tamamlayan Tayfurun boks üzrə üçüncü dünya çempionumuzu heyətdən sıxışdıraraq, tarixi yarışda iştirakı, əsasən kənar təsirlərlərlə əlaqələndirilirdi. Üstündən uzun zaman keçsə də, gənc boksçunun ətrafında geniş səs-küy yaratmış bu məsələyə münasibəti maraqlıdır: "Həmin dövrdə həftənin altı günü, gündə üç dəfə məşq edirdim. Baxmayaraq ki, cəmi 18 yaşım varıdı, normalda kişilərdən ibarət komandaya 19 yaşdan düşürlər. Bəzən məni istəyib deyirdilər ki, hələ döyüşmə, bu, sənə problem yaradacaq. Ancaq məndə qorxu hissi deyilən bir şey yox idi. Mayda Meksikaya, təlim-məşq toplanışına getmişdik. Yığmanın o vaxtkı baş məşqçisi Pedro Rok məni orada ən təcrübəli boksçularla döyüşdürdü, hamısı ilə başabaş mübarizə apardım. Həqiqətən, qorxub-çəkinmə nədir, bilmirdim. Sonra məsləhət bilindi ki, Çələbiyevlə aramızda sparrinq olsun. O döyüşdə də özümü yaxşı göstərdim. Nəticədə, Rok Avropa Oyunlarında məni gördü. Kənarda çox söz-söhbətlər gəzdi, hətta öz yaşıdlarım da deyirdi ki, Tayfurun yuxarıda adamı var. Halbuki Pedro nə mənim "day-day"ımı tanıyırdı, nə də hansısa təsirə düşüb qərar verəcək adam idi. Ümumiyyətlə, mənim arxamda kimsə dayanmayıb, olsa belə, kiminsə haqqının yeyilməsinə razı olmazdım. Belə də ki, elə güclü "day-day"ım varsa, bəs, niyə hələ də quru maaşla dolanır, beş ildir Bakıda kirayədə yaşayırıq?! O adam gəlib bu məsələdə də mənə "day-daylıq" etsin də. Əvvəl belə söz- söhbətlərə çox fikir verirdim, özümdən çıxırdım. İndi ötürürəm, keçir".
Olimpiadanın təxirə salınması haqda: "Bir fürsətdir"
Yarımçıq saxlanan London yarışı boksçularımız üçün ilk təsnifat turniri idi. Odur ki, mübarizənin asan olmayacağı əvvəlcədən məlum idi. Tayfur, olimpiya lisenziyasınadək iki görüş keçirdi ki, onların ilkində İsrail təmsilçisini aşkar üstünlük, latviyalı həmkarını isə texniki nokautla məğlub etdi. Belə ki, elə ilk raunddaca rəqibin qaşının açılması, qayda üzrə görüşün yarımçıq dayandırılması ilə nəticələndi. Karyerasında ilk dəfə olimpiadaya lisenziya qazanan Əliyev, "Tokio 2020"-nin təxirə salınmasını ciddi narahatlıqla qarşılamır. Əksinə, özü üçün sərfəli qərar olduğunu düşünür: "Əvvəla, sağlamlığımız hər şeydən önəmlidir. İndiki şərtlər altında döyüşmək, sadəcə, mümkünsüz idi. Digər baxımdan, hazırlıq formamı daha yaxşı hala gətirmək üçün bir fürsətdir. Hazırda özümdə bir xeyli səhvlər görürəm. Təsnifat yarışından sonrakı dörd ayda bunların üzərində yetərincə işləməyin mümkünsüz olduğunu düşünürdümsə, indi uzun zamanım olacaq".
Həvəskardan peşəkara - Sadəcə, 1 il
Böyük ehtimalla, Tokio olimpiadası Tayfurun son zirvə yarışı olacaq. Yox, o, heç qarşıdakı 10 ildə ərzində də karyerasını bitirmək haqqında düşünmür. Ukraynalı ikiqat olimpiya və yüngül çəkidə WBA, WBO, WBC versiyaları üzrə dünya çempionu Vasili Lomaçenko və əfsanəvi Mayk Taysonu kumir seçən Əliyev, Tokiodan sonra peşəkar boksa keçməyi planlaşdırır: "Həvəskar boksun baş geyimi ilə keçirildiyi vaxtlar mənə sıxıcı, maraqsız gəlirdi. Peşəkar boksu daha çox sevirdim. İndi də düşünürəm ki, döyüş tərzim peşəkara daha yaxındır. Ad çaşdırmasın, həvəskar rinq daha çətindir. Cəmi üç raund var, ilkini uduzdunsa, vəziyyəti xeyrinə dəyişmək çox çətin olur. Peşəkarda fürsət çoxdur. Yaxşı alınsa, məncə, pis olmayacaq - 38-39 yaşadək karyeramı davam etdirmək fikrim var".
Portret
Tayfur Əliyev nizam-intizamı ilə fərqlənən boksçulardandır. Uzun illərdir eyni çəki dərəcəsində stabil çıxış etməsi buna yaxşı nümunədir. İdmançılar, ələlxüsus da, boksçular haqqında formalaşan fikirlərin əksinə, geniş maraq dairəsinə sahib olduğu diqqətdən qaçmır. Həyat yolunun başlanğıcında olan gənc, gələcəkdə əlavə peşə kimi tam fərqli sahədə, bir müddətdir maraq göstərdiyi dizayn işində özünü sınamaq arzusunu da gizlətmədi. Həvəs demişkən, "Özümü bir boksçu kimi tək cümlə ilə xarakterizə etmək lazım olarsa, heç vaxt tükənməyən uşaq enerjisi və həvəsimi önə çəkərdim" deyir: "Arada uzun fasilə yarananda əksər uşaqlar bunu razılıqla qarşılayır. Mən isə əksinə, çox sıxılıram. Əlimdə olsa, bir gün də məşqsiz qalmaram".
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.