MOK Tokio Olimpiya Oyunlarında iştirak edəcək idmançılarımıza tövsiyələr verib

Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadənin rəhbərliyi ilə iclas keçirilib.

MOK-dan Day.Az-a verilən məlumata görə, iclasda karantin dövründə Komitənin həyata keçirdiyi işlər və planlaşdırılan məsələlərə dair fikir mübadiləsi aparılıb.

Müzakirələr zaman bildirilib ki, dünyada və ölkəmizdə koronavirus pandemiyası ilə əlaqədar olaraq, Tokioda Olimpiya Oyunlarında iştirak üçün hazırlığın ən yüksək pilləsinə çatan idmançılarımızın formada qalmaları məqsədilə ilkin mərhələrədə onlara ev şəraitində məşqləri davam etdirmək tövsiyə olunub və tezliklə atletlərimizin səhhətinin yoxlanılaraq nəzarət altında təlim-məşq toplantılarının davam etdirilməsi üzərində işlər aparılıb.

Karantin dövründə MOK tərəfindən idmançılarımızın psixoloji vəziyyətləri və ruh yüksəkliyinin saxlanması istiqamətində atılan bir sıra addımlar da nəzərdən keçirilib. Komitənin mətbuat xidmətinin məlumatına görə, post-karantin dovründə MOK-un fəaliyyəti, xüsusilə Tokio 2020 Oyunlarina hazırlıqla əlaqadar ümumi müzakirə aparılıb.

Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitələrinin karantin ve post-karantin dövrü üçün tövsiyə və təlimatları ətrafında danışılaraq qarşıda duran məsələlərlə bağlı tapşırıqlar verilib.