PSJ 9-cu dəfə Fransa çempion olub

Fransa çempionatına rəsmən yekun vurulub.

Day.Az Apasport.az-a istinadən xəbər verir ki, bu gün Liqa1 koronavirus pandemiyası səbəbindən dayandırılan mövsümün bərpa olunmadan başa çatdığını elan edib.

Liqa1 mövcud olan son turnir cədvəlini yekun kimi saymağı məqsədəuyğun bilib. Qurum turnir cədvəlinin lideri PSJ-ni çempion elan edib.

Liqa1-in bəyanatında da bu, öz əksini tapıb: "2019/20 mövsümündə keçirilmiş bütün oyunlarda toplanan xalların hesaba alınması barədə qərardan sonra "Pari Sen-Jermen" rəsmən Liqa1-in çempionu hesab edilib".

Bu, PSJ-nin 9-cu çempionluğudur. 1986, 1994, 2013-2016-cı illərdə də qızıl medallara yiyələnən Paris klubu 2018-ci ildən başlayaraq ardıcıl 3-cü dəfə bu uğura nail olub. 

Qərara əsasən, "Marsel" gümüş, "Renn" bürünc medalla Çempionlar Liasına vəsiqə əldə edib. "Lill", "Reyms" və "Nitsa" Avropa Liqasında oynayacaq. Amyen"lə "Tuluza" aşağı dəstəyə yollanıb.

Qeyd edək ki, bunadək Fransanın baş naziri Eduard Filipp 2019/20 mövsümünün koronaviruus pandemiyasına görə davam etdirilə bilməyəcəyini açıqlamışdı. Bu gün isə "Ekip" nəşri PSJ-nin çempion elan olunacağını öncədən proqnozlaşdırmışdı və bu ehtimal özünü doğruldub.