Kriştianu Ronaldo Turinə qayıda bilmir

Tezliklə məşqləri bərpa etməyi planlaşdıran "Yuventus" ölkə xaricində olan əcnəbi futbolçularının hamısını geri çağırıb.

Day.Az Apasport.az istinadən xəbər verir ki, Turin təmsilçisi oyunçularının hamısının təyin olunacaq vaxtda bazada olmasını istəyir.

İtaliyaya gələcək futbolçular əvvəlcə 2 həftə karantində qalacaq, ondan sonra kollektivə qoşulacaqlar. Lakin bununla bağlı problem yaranıb. Çünki hücumçu Kriştianu Ronaldo Turinə qayıtmaqda çətinliklə üzləşib. Madeyrada ailəsi ilə birlikdə təcrid olunan portuqaliyalı superulduzun şəxsi təyyarəsi Madriddədir. İspaniya hökuməti uçuşlara qoyduğu qadağaya görə təyyarənin Portuqaliyaya gedişinə icazə vermir. Ronaldonun bununla bağlı 3 müraciəti də rədd edilib.

 

Qeyd edək ki, koronavirus pandemiyasına görə XXVI turdan sonra dayandırılan A seriyasına "Yuventus" ən yaxın izləyicisini 1 xal qabaqlayaraq liderlik edir.