Tənhalığın xilaskarı

Vacib informasiyanı ötürən Morze əlifbasından və teleqrafın ixtirasından təxminən 200 ilə yaxın vaxt ötüb. Bu dövr ərzində okeanın o tayından bu tayına ötürülən radio dalğasının yaratdığı texniki inqilab çox keçmədən vizual informasiyanı ötürən televiziyanın meydana gəlməsinə səbəb oldu. Bir az da keçdi və texniki inqilab internet anlayışı ilə dünyanı fəth etdi. İnformasiyanı hər kəsə çatdıran radio, televiziya kimi texniki vasitələrin hər yaranışında və hər yenilənməsində bəşəriyyət bir məmnunluq, bir rahatlıq, bir xoş ovqat duydu. Bu texniki vasitələrin hər gəlişi alqışla qarşılandı və bununla bağlı heç bir mənfi emosiya görünmədi. İnternet texnologiyası da ilk gəlişi ilə beləcə bəşəri məmnunluq yaratdı. Lakin internet texnologiyasının hüdudsuz söz, fikir azadlığına açdığı imkan heç də birmənalı qarşılanmadı. Onun yüzlərlə müsbət keyfiyyəti sırasında elə yüzlərlə də mənfi cəhətləri internet ətrafında sonsuz mübahisələr yaratdı: cəmiyyəti pozması, ümumi tərbiyə problemi yaratması, qloballaşan dünyada güc dövlətlərinin milli-mənəvi dəyərlər üzərində ağalığına şərait yaratması, SMS-lərin, votsapların qısqanclığa yol açan faktları və bu faktların minlərlə boşanmalara səbəb olması, yaradıcılıq sahəsində plagiatlığı pik həddinə gətirməsi, uşaqların və hətta böyüklərin asılılıq həddinə çatması, dövlətlərarası informasiyanın kiber oğurluğu, hətta siyasi məsələlərə kiber qarışma halları (ABŞ-da sonuncu prezident seçkilərində Rusiya hakerlərinin əlinin olması) və s.

Etiraf edək ki, bir sıra kiber cinayətlərə səbəb olan internetə qarşı etirazlara da bəraət qazandırmamaq olmur.

Milli.Az ted.az-a istinadən bildirir ki, lakin dünyanı bütün güclü müharibələrdən də artıq və daha sürətlə cənginə alan koronavirus çağında bəşəriyyətin imdadına yetişən ən sərfəli ünsiyyət vasitəsi internet oldu. Dünyanın bütün ölkələri  bu sürətli yoluxmadan xilas yolunu "Evdə qal " çağırışında gördü. Bu çağırışlara həm hüquqi, həm də mənəvi status verildi. ABŞ, İtaliya, İspaniya, Fransa kimi demokratik ölkələr "Evdə qal" çağırışına məhəl qoymayanları 5-7 ilə qədər cəzalandırma qanununu rəsmiləşdirdi. Dünya anladı ki, bir virusdan qorunmağın ən asan yolu "Evdə qal"maqdır.

Bəs evdə necə qalmalı? Qonaq qəbul etmə, heç kəslə canlı ünsiyyətdə olma! İnsan gündəlik iş yerində, məhəllədə, qohum-qardaş, dost-tanışlarla hər gün ünsiyyətdə olub və birdən-birə ünsiyyətə qadağa qoyulur. Bəs darıxmaq? Belə yerdə ən sərfəli texniki vasitə kimi insanın köməyinə internet gəldi. Skayp, Votsap şəkilləri, SMS-lər, səsli videolar və s. və s. Məncə, buna qədər internetə etinasız olan, bəzən onun varlığından cana gələn bəşəriyyət bu texniki vasitənin ixtirasına görə texniki elmləri və bu elmlərin nəzəriyyəsini praktikaya çevirən alimləri bağrına basacaq. Çünki onlar bizə yeni bir ünsiyyət vasitəsi yaratmaqla insanları daha sıx birləşdirdilər: "Evdə qal", narahat olma, internet səninlədir, istədiyin kəslə ünsiyyət qura bilərsən. Virtual ünsiyyət? Bəli, bu gün ayrı yolumuz yoxdur.