Yeni virus tək ağciyəri deyil, ürək əzələsini də ölümcül zədələyə bilir

Covid-19 pandemiyasının başlanğıcında virusun hədəf nöqtəsinin tək ağciyərlər olduğu düşünülürdü. Lakin zamanla virusa yoluxmuş xəstələrin 10,5%-də kəskin kardiak zədələnmə - miokardit, kəskin ST elevasiyalı miokard infarktı müşahidə olundu.

Day.Az e-tibb.az-a istinadən bildirir ki, bunu Mərkəzi Gömrük Hospitalının həkim-kardioloqu Günay Hətəmova açıqlayıb.

Kardioloq bildirib ki, virusa yoluxmuş xəstələrin əksəriyyəti 30-79 yaş arasında olanlardır, ortalama yaş həddi isə 49-59 yaş aralığındadır. İndiyə kimi dünya əhalisinin 1,533,897 nəfərində virus aşkarlanıb, onlardan 89,752 nəfər virusdan dünyasını dəyişib, 337,517 nəfərdə isə sağalma müşahidə olunub. Virusa yoluxmuş xəstələrin 80.9 %- vəziyyəti yüngül, 13.8 % ağır, 4,7 %-də isə vəziyyət kritik olaraq dəyərləndirilib:

"Başlanğıcda virusun hədəf nöqtəsinin tək ağciyərlər olduğu düşünülürdü. Lakin zamanla virusa yoluxmuş xəstələrin 10,5%-də kəskin kardiak zədələnmə - miokardit, kəskin ST elevasiyalı miokard infarktı müşahidə olundu. Koronavirusa yoluxmuş ürək-damar xəstəliyindən əziyyət çəkən xəstələrdə toxumaya lazımi oksigeni daşımaq üçün daha çox işləyən "xəstə ürək" zamanla öz gücünü itirir, nəticədə gücsüzləşir.

Buradan belə qənaətə gəlmək olar ki, COVİD-19 virusu tək ağciyər toxumasını deyil, ürək əzələsini də ölümcül zədələyərək həyatın sonlanmasına səbəb olur. Bunun üçün də ürək-damar xəstəliyindən və arterial hipertoniya xəstəliyindən əziyyət çəkən xəstələr xüsusi risk qrupu hesab olunurlar".

Kardioloq deyib ki, bu qrupda olan xəstələrin evdə qalmaları, karantin və şəxsi gigiyena qaydalarına ciddi əməl etmələri, təcili durum olmadığı təqdirdə həkim nəzarəti ilə dərman müalicəsini evdə davam etdirmələri, təkrar müayinəyə getmə vaxtını uzatmaları tövsiyyə olunur.