Alimlər koronavirusun gerçək yoluxma sayını müəyyənləşdirdilər

Alimlər koronavirusa yoluxma hallarının sayının rəsmi rəqəmlərdən 10 dəfə fərqlənə biləcəyini iddia edirlər.

Day.Az deyerler.org-a istinadən bildirir ki, araşdırmanın nəticələri "medRxiv"resursunda yer alıb.

Məlumata görə, alimlər ABŞ-da koronavirusun ilk yayılmağa başladığı Kaliforniya ştatının Santa-Klara dairəsində eksperiment keçiriblər.

Onlar 3,3 min yerli sakindən koronavirusa qarşı antikorun olub-olmaması barədə analiz alıblar. Bu, daha öncə koronavirusa neçə nəfərin yoluxmasını hesablamaq üçün edilib.

Hesablamaya görə, eksperimentdə iştirak etmiş 2,5% - 4,2% insanda koronavirusa qarşı antikorun ola biləcəyi qənaətinə gəlinib:

"Bu yayılma göstəriciləri aprelin əvvəlinədək 48 mindən 81 minədək insanın bu dairədə yoluxduğunu əks etdirir. Bu da dairədə qeydə alınmış yoluxma hallarının sayında 50-85 dəfə çoxdur".

Araşdırmanın həmmüəllifi, Stenford Universitetinin professoru Cey Bhattaçarya CNN-ə müsahibəsində bu araşdırmanın ölüm halları barədə də gerçək təsəvvürü yarada biləcəyini vurğulayıb.

Onun sözlərinə görə, əgər yoluxanların sayı rəsmi statistikadan gerçəkdən də dəfələrlə çoxdursa, demək, koronavirusdan ölüm halları da proporsional olaraq güman ediləndən azdır.