Ən az yürüşü olan Lamborghini Miura modeli satılır
Kolleksiya avtomobillərinin satışı üzrə ixtisaslaşmış Joe Macari Performance Cars London şirkəti satışa Lamborghini Miura SV modelini çıxarıb. Modelin odometrindəki göstərici cəmi 5.794 kilometrdir. Satılan model ən az yürüşə malik olan Miura modelidir. Narıncı rəngli salona və boz rəngli kuzova malik olan superkar üçün 2.594.500 funt sterlinq tələb edilir.
Milli.Az autograph.az-a istinadən bildirir ki, avtomobilə yüksək qiymət təyin edilməsinin səbəbi, bu avtomobilin Miura modelinin ən qiymətli və məşhur versiyasının olmasıdır. P400SV indeksli modifikasiya 1971-ci ildə konveyerdə P400S modelini əvəz edib və dörd Weber karbüratoru olan təkmilləşdirilmiş 385 at qüvvəli 3,9-litrlik V12 mühərriki, ötürmələr qutusunun ayrıca soyutma konturu və yenilənmiş görünüşü ilə fərqlənirdi. 100 km/saat həddinə kupe altı saniyədən az müddətdə sürətləndi. Maksimal sürət saatda 290 kilometr idi.
Lamborghini P400SV-nin bu nüsxəsi 1972-ci ildə istehsal edilmiş və Səudiyyə Ərəbistanının kral ailəsinə verilmişdir. Avtomobilin xüsusiyyətlərindən biri ön bamperdə quraşdırılmış kanard cütlüyüdür. Bu elementlər alıcının yüksək statusunu vurğulayırdı. 2000-ci illərin əvvəllərində avtomobili Səudiyyə Ərəbistanındakı anbarların birində karton qutuların altından aşkar ediblər. 2005-ci ildə avtomobili ABŞ-dakı müştəriyə satıblar.
Bərpa edildikdən sonra, Miura SV modeli Metallic Grey rəngli kuzova və narıncı salona sahib olub. Bir neçə sahibini dəyişdirdikdən sonra, kupe Britaniyaya gətirilib və satışa çıxarılıb.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.