Orucluq qaydalarını qəsdən pozan adam öz günahını yuya bilərmi?
Orucu batil edən əməli qəsdən törətmiş (məsələn, qəsdən xörək yemiş, yaxud qəsdən cinsi əlaqədə olmuş və s.) şəxs həm orucluqdan sonra həmin günün əvəzində bir gün qəza orucu tutmalı, həm də üstəlik kəffarə ödəməlidir.
"Kəffarə" - qəsdən pozulmuş orucun cəriməsidir. Öhdəsinə kəffarə düşmüş şəxs iki yoldan birini seçməlidir: ya hər itirilmiş günün əvəzində iki ay oruc tutmalı, ya da hər günün əvəzində 60 nəfər ehtiyaclı şəxsə yemək verməlidir.
Hənəfi məzhəbinə görə, insan aylıq kəffarə orucunu ardıcıl və fasiləsiz tutmalıdır. Cəfəri məzhəbinə görə isə iki aylıq kəffarə orucunun heç olmazsa, 31 günü ardıcıl tutulmalıdır. Qalan 29 günün orucunu isə fasilələrlə də tutmaq olar.
İkinci yolu seçən şəxs isə ya xörək bişirib 60 nəfəri doyurmalı, ya da onların hər birinə 750 qram buğda (ya arpa) verməlidir.
Qeyd: Kəffarə qanunu heç də insana əsas vermir ki, ramazan ayında qəsdən oruc tutmasın, sonra isə kəffarə olaraq, kasıblara yemək versin. Ramazan orucunu qəsdən tutmayan şəxs böyük günah qazanır, qəza və kəffarə ilə də bu günahı silmək olmaz.
Lakin bəzi hallarda oruc pozularsa, kəffarə vermək lazım deyil, yalnız hər günün əvəzində bir gün qəza orucu tutmaq kifayətdir. Məsələn,
a) Başqası tərəfindən orucunu pozmağa məcbur edilmiş şəxs (bir şərtlə ki, orucunu pozmazsa, həyatının təhlükə altına düşəcəyini bilsin).
b) Səhər obaşdan vaxtı qurtardıqdan sonra hələ sübh azanının deyilmədiyini güman edib, yeməyə başlayan şəxs;
c) Axşam iftar vaxtı çatdığını güman edib, vaxtından əvvəl orucunu pozmuş şəxs;
d) Sərinləşmək niyyəti ilə ağzınə su alıb yaxalayan, amma qeyri-ixtiyari olaraq suyu udan şəxs;
e) Cənabət halına düşüb boynuna qüsl gələn, amma bunu unudub qüsl almayan şəxs və s.
Yuxarıdakı halların hər birində kəffarə ödəmək lazım deyil, hər günün əvəzində bir gün qəza orucu tutmaq kifayət edər.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.