Bu ölkədə koronavirusdan ölmək qadağan edildi

Meksikanın cənub-şərqində Verakrus ştatının Sokonusko bələdiyyəsinin sədri Rolando Rosas yerli sakinlərə koronavirus xəstəliyindən ölməyi qadağan edib.

Day.Az-a "TASS"a istinadən xəbər verir ki, bu barədə "Televisa" kanalı məlumat yayıb. Rosas bu barədə əmrini yaşayış məntəqəsinin mərkəzindəki bannerə yerləşdirib.

"Əmrə əsasən, bələdiyyə ərazisində koronavirusdan ölmək ciddi şəkildə qadağan edilir", - deyə elanda yazılıb.

Qeyd edək ki, 5,2 min nəfərin yaşadığı Sokonuskoda indiyədək koronavirusa yoluxma faktı aşkarlanmayıb. Rosasın sözlərinə görə, belə olan halda o, sakinlərin əvvəlkitək xəstəliyin yayılmasının qarşsını almağa yönəldilmiş qaydalara riayət etmələrinin vacibliyinə diqqət cəlb etmək istəyib.

"Düşünürəm ki, bu strategiya işlədi", - deyə Rosas bildirib.