ÜST koronavirus infeksiyasının Avropada daha erkən yayılma ehtimalını araşdıracaq
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus infeksiyasının Avropada daha erkən yayılma ehtimalını araşdıracaq.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, dekabr ayının sonunda Fransada mənşəyi məlum olmayan ağciyər infeksiyası əsasında müalicə olunan pasiyentin sonrakı testlərində onun COVID-19 daşıyıcısı olduğu müəyyən edilib.
Bu faktı nəzərə alaraq ÜST bütün üzv ölkələri ötən ilin sonundan bəri oxşar xəstəlik hallarını koronavirus infeksiyası ilə əlaqəli şəkildə yenidən yoxlamağı tövsiyə edib. ÜST-nin sözçüsü Xristian Lindmayer bildirib ki, şübhəli ağciyər iltihabı diaqnozu qoyulan digər pasiyentlərdə də koronavirus infeksiyasının təsdiqlənməsi mümkündür. O, dekabr ayında Fransada baş vermiş bu hadisəni olduqca maraqlı, lakin sürpriz olmayan bir hal kimi dəyərləndirib. Eyni zamanda, bildirilib ki, qeyri-tipik ağciyər xəstəliklərindən əldə olunacaq yeni nəticələr infeksiyanın yayılması barədə mənzərəni dəyişə və COVID-19 xəstəliyinin potensial sirkulyasiyasını daha yaxşı anlamağa kömək edə bilər. Bu isə epidemiyanın dünyada yayılması barədə yeni və aydın təsəvvürün yaranmasına xidmət edər.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.