ABŞ və Çin ticarət sazişinin birinci mərhələsinin icrası üzərində işləməyə razıdırlar
ÇXR Dövlət Şurasının Baş nazirinin müavini Lyu He və ticarət danışıqlarında ABŞ nümayəndəsi Robert Laythayzer arasında telefon danışığı baş tutub.
Day.Az Trend-ə istinadən verdiyi məlumata görə, söhbət zamanı tərəflər bu ilin yanvarında əldə olunmuş ticarət sazişinin birinci mərhələsinin həyata keçirilməsi üçün əlverişli şərait yaratmaq barədə razılığa gəliblər.
Söhbətdə ABŞ Maliyyə Naziri Stiven Mnuçin də iştirak edib. Agentliyin məlumatına görə, tərəflər koronavirusun dünyada yayılması fonunda makroiqtisadiyyat və səhiyyə sahəsində əməkdaşlığı daha da gücləndirmək barədə razılıq əldə ediblər. ABŞ və Çin bu sahələrdə gələcək fəaliyyətlərini əlaqələndirməkdə davam etmək niyyətlərini bildiriblər.
Daha əvvəl Donald Tramp Ağ Evdə Çinlə anlaşma ilə bağlı jurnalistlərin sualını cavablandıraraq, Çinin ticarət sazişinin birinci mərhələsini yerinə yetirməməsi ilə bağlı "bir-iki həftə içində" açıqlama verəcəyini dedi. Eyni zamanda, mayın 3-də ABŞ prezidenti Pekinin öhdəliklərini yerinə yetirmədiyi təqdirdə sazişin pozulması barədə bildirdi.
ABŞ-Çin ticarət sazişinin birinci mərhələsinin imzalanma mərasimi yanvarın 15-də Vaşinqtonda baş tutub. Sənədləri D.Tramp və Lyu He imzalayıblar. Sazişə əsasən Çin ABŞ-dan ilk il ərzində 76,7 milyard və ikinci il ərzində 123.3 milyard dollarlıq kənd təsərrüfatı və digər məhsulların alınmasına razılıq verib.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.