Bu ölkədə fövqəladə vəziyyətlə bağlı bəzi məhdudiyyətlər ilin sonuna qədər qüvvədə qalacaq

COVID-19 pandemiyasına görə Moldovada elan edilmiş fövqəladə vəziyyət müddəti mayın 15-də başa çatacaq. Buna baxmayaraq, bəzi məhdudlaşdırıcı tədbirlər 2020-ci il dekabrın 31-nə qədər qüvvədə qalacaq.

Day.Az  AZƏRTAC-a istinadən bildirir ki, bunu Moldovanın Səhiyyə, Əmək və Sosial Müdafiə naziri Viorika Dumbrevyanu brifinqdə elan edib.

Onun sözlərinə görə, ictimai sağlamlıq sahəsində mütəxəssislər Moldovada fövqəladə vəziyyət müddəti başa çatandan sonra da ölkədə epidemioloji vəziyyəti qiymətləndirməkdə davam edəcək, buna əsasən hansı məhdudlaşdırıcı tədbirləri saxlamaq və hansıları götürmək haqqında öz tövsiyələrini təklif edəcəklər.

Nazir bildirib ki, məhdudlaşdırıcı tədbirlər tədricən yumşaldılacaq və müxtəlif vaxtlarda götürüləcək. Bəzi tədbirlər artıq iyunun 1-də ləğv ediləcək, bəziləri isə bu ilin sonuna kimi qüvvədə qalacaq.

Qeyd edək ki, Moldova Səhiyyə Nazirliyinin son məlumatına görə, ölkədə 4605 nəfərin koronavirusa yoluxması qeydə alınıb. 1747 nəfər müalicə olunaraq sağalıb, 150 nəfər vəfat edib.