Nyu-York metrosu öz tarixi ərzində ilk dəfə olaraq gecələr işləməyəcək
Nyu-York metrosu istifadəyə verildiyi 1904-cü ildən bəri ilk dəfə olaraq yerli vaxtla saat 01:00-dan 05:00-dək qatarların hərəkətini dayandıracaq. Bu, koronavirus pandemiyası ilə bağlı stansiyalarda və vaqonlarda dezinfeksiya işlərinin aparılması məqsədi daşıyır.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə qərarı Böyük Nyu-York Nəqliyyat İdarəsinin rəhbəri Patrik Foye açıqlayıb. O, jurnalistlərlə görüşündə fövqəladə vəziyyətin fövqəladə tədbirlər tələb etdiyini və hərəkətin dörd saat dayandırılmasının stansiyaların dezinfeksiyası üçün imkan yaratdığını bildirib.
Bundan öncə Nyu-York ştatının qubernatoru Endryu Kuomo metroda qatarların hərəkətinin gecə saatlarında dayandırılması planları barədə məlumat vermişdi.
Mayın 6-dan etibarən Nyu-York metrosunun bütün 472 stansiyasında və vaqonlarda mikrob əleyhinə preparatlar və ultrabənövşəyi şüalar vasitəsilə təmizlənmə işləri başlayıb. Portalın məlumatına görə, bundan öncə metro qatarları 72 saatdan bir təmizlənirdi. İndi isə dezinfeksiya işləri hər gün aparılacaq. Nəqliyyat İdarəsi bu işlər üçün əlavə olaraq 700 əməkdaş cəlb edib. Stansiyaların və vaqonların yeni dezinfeksiya qaydaları şəhər sakinlərində pandemiyadan sonra ictimai nəqliyyatdan istifadənin təhlükəsizliyinə əminlik yaratmalıdır.
Yerüstü stansiyalarda ilk sərnişinlərini 1868-ci ildə, yeraltı stansiyalarda isə 1904-cü ildə qəbul edən Nyu-York metrosu dünyada ən böyük metrolardan biridir. Onun yollarının ümumi uzunluğu 1370 kilometrə yaxın, vaqonlarının miqdarı isə 6400-dən çoxdur. Adi günlərdə metrodan təxminən 5,6 milyon nəfər istifadə edir.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.