Bakıda tıxacları necə aradan qaldırmaq olar?

Son günlər Bakının bütün küçə və prospektlərində günün istənilən saatında tıxacdır.

Bəs bunun səbəbi nədir?

Mövzu ilə ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Trend-ə açıqlamasında bildirib ki, tıxac böyük şəhərlər üçün gözlənilən haldır.

"Lakin Bakıda yaranan tıxacın fərqi odur ki, qısa məsafədə fərdi nəqliyyatla hərəkət edənlərin sayı çoxdur. Bayramlarda və xüsusi günlərdə bu hal daha da artır. Çünki belə günlərdə adi günlərdən fərqli olaraq, restoranlara, kafelərə gedən insanların sayı çox olur. Bu da şəhər yollarında sıxlığı artırır", - o qeyd edib.

Ekspert vurğulayıb ki, son bir il ərzində paytaxtda eyni küçədə fərqli hərəkət üçün imkanlar yaradıldı. Belə ki, eyni küçədə avtobus zolağı, velozolaq çəkildi:

"Bəzi küçələrdə səkilər bərpa olundu. Bu məsələlərə ciddi diqqət ayrılmalı, təbliğat, təşviqat işləri aparmalıyıq. Qısa məsafələrə gedərkən mikromobillik vasitələrinə və piyada hərəkətə üstünlük verilməlidir. Lakin piyada səkiləri zəbt edilir. Bunların aradan qaldırılması üçün vətəndaşlar aktiv olmalı, aidiyyəti qurumlar yaranmış problemləri həll etməlidir.

Piyada səfərləri üçün yaxşı şəraitli müəyyən keçidlər yaradılmalıdır. Ümumiyyətlə, mikromobillik, avtobus zolaqlarında, piyada səkilərində və zebralarında zəbt hallarına qarşı nəzarət gücləndirilməlidir. Belə olduğu halda avtomobillə hərəkət edən şəxslərin müəyyən qismi yaradılmış şəraitə yönələcək. Bu da gündəlik sıxlığın qismən azalmasına təsir edəcək".

 

R.Ağamirzəyev qeyd edib ki, məsələlərə qlobal yanaşsaq, relsli nəqliyyatın inkişafı önəmlidir.

"Daha çox sərnişini daşımaq üşün metro, tramvay, şəhərətrafı elektrik qatarı şəbəkəsi nə qədər çoxalsa, şəhər küçələrindəki sıxlığın azalmasına müsbət təsir edəcək".

Nəqliyyat məsələləri üzrə ekspert Fuad Əliyev qeyd edib ki, Bakı şəhərində son günlər tıxacların artması ciddi narahatlığa səbəb olub:

"Şəhər ərazisindəki tıxacların intensivliyi, həmçinin, yol hərəkətinin sıxlığı, xüsusilə iş saatlarında daha da artır. Bu vəziyyətin bir neçə səbəbi mövcuddur və bu məsələyə kompleks yanaşmaq lazımdır. Əhalinin artması, şəhərdəki iqtisadi inkişaf və orta gəlirin yüksəlməsi nəticəsində, daha çox insan şəxsi avtomobil almağa başlayıb. Bununla əlaqədar, şəhərin mövcud infrastrukturunun bu qədər avtomobili idarə etməyə yetərli olmaması tıxacların yaranmasına səbəb olur.

Bakıda küçələrdəki avtomobillərin sayı çoxaldıqca, şəhərin bəzi əsas magistral yollarında sıxlıq müşahidə edilir. Bakıdakı bəzi magistral yollar hələ də köhnəlmiş infrastrukturla işləyir. Böyük hissəsi şəhər mərkəzinə yaxın olan bu yollarda, xüsusilə pik saatlarda, avtomobillərin sıxlığı ciddi şəkildə artır. Bəzi yollarda yeni tikinti layihələri və təmir işləri aparılsa da, bu dəyişikliklər ümumilikdə tıxacların aradan qaldırılması üçün yetərli olmur".

Ekspert qeyd edib ki, tıxacları azaltmaq üçün müəyyən həllər var.

"Belə ki, tıxacları azaltmaq üçün velosiped yolları və skuter istifadəsi təşviq edilməli, insanlar şəxsi avtomobillər yerinə alternativ nəqliyyat vasitələrindən istifadə etməlidirlər.

Elektrikli skuterlər və velosipedlərin daha geniş yayılması tıxacların azaldılmasına kömək edər. Bundan başqa, metrostansiyaların sayı və Abşeron dairəvi xəttində stansiyaların sayı artırılmalıdır", - deyə o qeyd edib.