Bakıda halal məhsulların sərgisi keçirilir - FOTO

Bakıda keçirilən Azərbaycan Halal Biznes (AZHAB) Forumu çərçivəsində "Baku Marriott Hotel Boulevard"da sərgi də təşkil edilib. Sərgidə 30-a yaxın yerli və xarici şirkətin istehsalı olan məhsullar və xidmətlər nümayiş olunur. Yerli şirkətlərlə yanaşı, sərgidə Türkiyə, Özbəkistan, Pakistan və Qırğızıstanın məhsulları da təqdim edilir. Sərgidə qida məhsulları, parfümeriya, kosmetik vasitələr, tekstil məhsulları, aksesuarlar və s. sərgilənir.
Həmçinin, sərgidə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Standartlaşdırma İnstitutu, KOBİA, Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası, Pakistan-Azərbaycan Ticarət Palatası da öz stendləri ilə təmsil olunurlar.
Sərgi oktyabrın 8-də də davam edəcəkdir (saat 10.00-17.00). Sərgini ziyarət etmək üçün https://azhabforum.az/az/devetnameni-elde-edin linkində qeydiyyatdan keçmək lazımdır.
Sərgi yerli və xarici şirkətlərə məhsul və xidmətlərini geniş auditoriyaya tanıtmaq, yeni əməkdaşlıqlar qurmaq, müvafiq sektor üzrə tərəfdaşların tapılması, potensial müştərilərlə birbaşa əlaqə yaratmaq, ixrac imkanlarını genişləndirmək, təcrübə və texnologiya mübadiləsi, halal sənaye üzrə yeniliklər, trendlər və standartlarla tanış olmaq imkanı verəcəkdir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре